"Qəbələ" Topaz Premyer Liqasında növbəti oyununu aprelin 1-də keçirəcək. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq XXII turun matçı ilə IV dövrəyə start verəcək.

Sənan Qurbanovun yetirmələri Qəbələ şəhər stadionunda "Sabah"la görüşəcək. Bu, "Qəbələ"nin Premyer Liqanın debütantı ilə 6-cı matçı olacaq. Mövsümün arxada qalan hissəsində rəqiblər üç çempionat və iki kubok görüşündə üz-üzə gəliblər.

İlk oyunda rəqibinə uduzan "Qəbələ" ardıcıl 4 qarşılaşmada qalib gəlib. Bu beş matçda cəmi 7 qol vurulub. "Qırmızı-qaralar" top fərqində də üstünlüyə malikdi – 5:2. Yalnız Ceyms Adeniyi bu matçlarda birdən artıq qol vurub. O, paytaxt təmsilçisini iki dəfə məyus edib.

Heç-heçənin qeydə alınmadığı beş qarşılaşmadan dördündə bir qol vurulub. "Qəbələ" üç, "Sabah" bir dəfə minimalhesablı qələbə əldə edib. Son üç görüş də bu hesabla nəticələnib.

Premyer Liqa çərçivəsindəki görüşlərdə iki qələbə və bir məğlubiyyəti olan Sənan Qurbanovun yetirmələri 3 qol vurub, 2-ni buraxıb. Komanda evdəki hər üç oyunda, həm çempionat, həm də kubokda bir top fərqi ilə qələbə qazanıb. "Qəbələ" ümumilikdə üç, evdə isə iki oyundur qol da buraxmır.

Qeyd edək ki, aprelin 1-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq.

 

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. "Sabah" – "Qəbələ" – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. "Qəbələ" – "Sabah" – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. "Qəbələ" – "Sabah" – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. "Sabah" – "Qəbələ" – 0:1

Ceyms Adeniyi, 80

09.02.2019. Premyer Liqa. "Sabah" – "Qəbələ" – 0:1

Rauf Əliyev, 31

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest