"Heç "Rubin"də oynadığım vaxt məni Ukrayna millisinə çağırmırdılar. Fikrimcə milliyə kömək edə bilərəm". Matc.az saytı xəbər verir ki, bunu "Sabah"ın hücumçusu Marko Deviç deyib.

Serbiya əsilli forvard milliləşdirilərək şərəfini qoruduğu Ukrayna millisinə qayıdışı perspektivinə toxunub. 37 yaşlı futbolçu Ukrayna mətbuatına müsahibəsi zamanı şansının az olduğunu söyləyib: "Azərbaycan çempionatı o səviyyədə deyil ki, yığmada oynayım. Bu, millinin baş məşqçisi Andrey Şevçenkonun futbolçularını görmək istədiyi səviyyə deyil. Bilmirəm, necə kömək edə bilərəm. Bəlkə də, 15-20 dəqiqə meydana çıxa bilərəm. Mən həmişə yanınızdayam, kömək lazım olsa, yığmaya çağırmaq lazımdı".

Deviç dəvət alacağına inanmadığını vurğulayıb: "Vaduts"a keçəndən sonra məlum idi ki, bir də çətin nə vaxtsa milliyə dəvət etsinlər. Şevçenkonun komandası indi çox yaxşı çıxış edir. Futbolçular legioner həyatı yaşayır ki, bu da sevindiricidi. Bir az bəxtləri gətirsə, hər şey daha yaxşı olacaq. Fikrimcə, yığma getdikcə daha güclü olur".

Deviç AVRO-2020-nin seçmə mərhələsi barədə fikirlərini də bölüşüb. O, eyni qrupda yer alan Ukrayna və Serbiya yığmasının şanslarını bərabər sayıb: "Serbiya və Ukrayna yığmalarının ikisinin də final mərhələsinə vəsiqə qazanmasını istəyirəm".

Veteran oyunçu "Sabah"ı seçməsinin səbəbini də açıqlayıb: "Azərbaycan çempionatında ən böyük rəqiblər "Qarabağ"la "Neftçi"di. "Neftçi" ilə son oyunumuza 1000 azarkeş gəlmişdi. Bilirsiniz, "Sabah" yeni yaranmış komandadı. Azərbaycan futbolunda infrastruktur yaxşı səviyyədədi. Bura gəlməzdən əvvəl klub prezidenti ilə söhbətimdə də fikirlərinin ciddi olduğunu gördüm. Yəni burda maliyyə əsas rol oynamadı. Bildirdim ki, hələ 2 il oynamaq istəyirəm, o da mənə 2 illik müqavilə təklif etdi. Hər şey ürəyimcə oldu. Hələ ki, özümdə oynamağa güc hiss edirəm. Başqa variantlar da var idi. Məsələn, Ukraynada "çernomorets"dən təklif almışdım. Amma yeni təcrübə, həyəcan üçün Bakıya gəlməyi seçdim".

Bakı haqda müsbət fikirlər səsləndirən Deviç "Sabah"dakı qazancından da söz açıb: "Bakıda hava dəyişkən olur. Gah hava isti keçir, gah da soyuq. Maraqlı şəhərdi. Həm yaşamaq, həm də futbol oynamaq üçün bura əlverişlidi. çempionatda da bütün komandalar, demək olar ki, Bakıda məskunlaşır. Hansısa səfər oyununa təyyarə ilə getməyə ehtiyac olmur. O ki qaldı məvacibimə, "Volın"dakı qazancımdan bir az çox alıram. üstəlik, mükafatlar da olur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest