Qazaxıstanda "transfer pəncərəsi" dünən rəsmən bağlanıb. Matc.az saytı xəbər verir ki, yerli KİV klubların bu müddətdəki keçidlərini dəyərləndirib.

Həmkarlarımız bu dönəmdə oyunçu satışından ən çox qazanc əldə edən komandanın "Astana" olduğunu qeyd edib. ölkə çempionu, xüsusən də, Baxtiar Zaynutdinovun "Rostov"a keçidindən yaxşı maliyyə əldə edib.

Yalnız "Kayrat" və "Tobol" yenilərə görə xərc çəkib. İkincilər hücumçu Senin Sebai üçün "Tambov"a 100 min avro ödəyib. Azərbaycan millisinin qapıçısı Emil Balayev isə "Səbail"dən transfer edilib. Ən bahalı transferi də "Tobol" həyata keçirib. Kostanay təmsilçisinin BATE-dən aldığı Mixail Qordeyçukun 2 milyon avro qiyməti var.

ümumiyyətlə, Qazaxıstan mətbuatı qış transfer dönəmini yerli klublar üçün uğursuz hesab edib. Həmkarlarımız yeni gələnlərin qışda komandaları tərk edənləri əvəz edəcək səviyyədə olmadığını iddia edib. Bu mənada İsael Barboza, İvo İkiçeviç, Andrey Arşavin, Baxtiar Zaynutdinov, Laslo Klyaynhaysler, Pedro Enrike, Riçard Almeyda və Reynaldo Silvanın adı xüsusi vurğulanıb. Adları sadalanan futbolçuların gedişinə üzülən qazaxlar bununla ölkə çempionatının səviyyəsinin aşağı düşəcəyini yazıblar.

Qeyd edək ki, Almeyda və Reynaldo qış fasiləsində "Qarabağ"a qayıdıblar. Reynaldo "Aktobe"dən alınıbsa, Almeyda "Astana"dan icarəyə götürülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest