"Neftçi" builki transferlərə həddən artıq pul xərclədi. Son 5 ildə orda transferlərə bu qədər pul ayrıldığını görməmişdim. Baş məşqçini yüksək məvacibə gətirdilər, Dabonu aldılar". Bu sözləri matç.az saytına açıqlamasında veteran futbolçu Rəşad Sadiqov deyib.

Bu yay karyerasını başa vuran yarımmüdafiəçi sabiq komandaları "Qəbələ" ilə "Neftçi" arasında Topaz Premyer Liqasının VIII turu çərçivəsində sabah keçiriləcək oyuna münasibət bildirib. Sadiqov paytaxt klubunu qələbəyə daha yaxın hesab edir: "Son illər "Qəbələ" "Neftçi" ilə oyunların favoriti sayılırdısa, indi əksinədi. Bu da "Qəbələ"nin heyətinin zəifləməsindən irəli gəlir. Hazırda "Neftçi" üstündü. Əvvəlki heyət qalsaydı, favorit yenə "Qəbələ" olacaqdı. üstəlik, onların meydanında oynayacaqlar. Amma indi səfərdə çıxış etməsinə baxmayaraq, favorit "Neftçi"di. Yayda Baqali Dabo və Filip Ozobiç kimi oyunçuların gedişi "Qəbələ"ni zəiflətdi. Turnir cədvəlinə baxıb bu komandanı 6-cı pillədə görəndə pis oluram. Axı neçə il orda oynamışam".

Yığmamızın keçmiş üzvü sabahkı qarşılaşmada hər iki klubu dəstəkləyəcəyini vurğulayıb: "Bu komandaların "Dalğa Arena"dakı matçını stadiondan izləmişdim. Həmin vaxt da məndən soruşmuşdular ki, kimə azarkeşlik edirsən? Cavabım belə oldu ki, hər ikisinə. Hər ikisinin yeri mənim qəlbimdə eynidi. çünki həm "Neftçi", həm də "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsində çıxış etmişəm, xoş xatirələrim var. Kim layiqdi, o da qalib gəlsin".

Qeyd edək ki, "Qəbələ" – "Neftçi" matçı 17:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest