"Qarabağ" qapıçısı Hannes Halldorssonun qəza törətməsinə münasibət bildirib. Matç.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə islandiyalı qolkiperin Bakıda avtomobillə adam vurduğunu təsdiqləyib.

Lakin məsələdə Halldorssonun günahsız olduğu və qapıçının yaralını dərhal xəstəxanaya çatdırdığı vurğulanıb.

Açıqlamada deyilir: "Dünən axşam saatlarında qapıçımız Hannes Tor Halldorsson evinə yollanarkən, yol nəqliyyat hadisəsi baş verib. Belə ki, qolkiperimiz idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Halldorsson yaralıya ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıb və bu barədə hüquq mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçımız evinə yollanıb. Yaralı ciddi xəsarət almayıb, sadəcə sağ diz qapağında sürüşmə olub, həkimlər anında müdaxilə edib və yaxın günlərdə evinə buraxılacağı gözlənilir. "Qarabağ" Futbol Klubu yaşanmış hadisədən təəssüf hissi keçirir və zərərçəkmişin tezliklə sağalmasını diləyir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest