Donetsk "Şaxtyor"unun sabiq futbolçusu və məşqçisi Viktor Qraçyov maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az saytı yerli mətbuata istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis həmkarı Vasili Saçkoya məsləhət verib.

Onun fikrincə, ötən ay "Vorskla"dan ayrılan Saçko qüvvəsini ölkə xaricində sınamalıdı. Qraçyov Ukraynaya yaxın ölkələrdə çalışmağın həmyerlisi üçün daha xeyirli olacağını düşünür: "İndi Ukraynada iş tapmaq çox çətindi. Ancaq yaxın ölkələrdə - Azərbaycan, Qazaxıstan və özbəkistanda bu daha asandı. Bizim məşqçilər həmin ölkələrdə populyardı. üstəlik, Saçko yaxşı nəticə verib, bu sahədə ad qoyub. Əgər Vasilinin bunu edə biləcək bir meneceri varsa, keçmiş postsovet ölkələrindən birində çalışa bilər".

Qeyd edək ki, Vasili Saçko 2014-cü ildən bu ilin martına qədər "Vorskla"nı çalışdırıb. Poltava təmsilçisi bu mövsüm Ukrayna Premyer Liqasında ilk "altılığ"a düşə bilmədiyindən, 44 yaşlı mütəxəssis istefa verib. Onun rəhbərlik etdiyi komanda cari mövsüm Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"la eyni qrupda yer alıb. Bu komandalar arasındakı oyunlarda qonaqlar 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest