Tale Heydərovu ilk dəfə 2006-cı ilin yayında görmüşəm. Onun prezidenti olduğu "Gilan" klubunun birinci dəstənin çempionu olması münasibətilə restoranların birində məclis təşkil olunmuşdu. Baş məşqçi Faiq Cabbarov Heydərovun qarşısına lül-qənbər çıxmışdı, ayaq üstə güclə dururdu. Deyəsən, elə bir tədbirdə baş məşqçinin normadan artıq spirt qəbul etməsi Tale bəyin də xoşuna gəlməmişdi. Yanaşı dayanıb, klubun gələcəyindən danışırdılar. Aristokratlıq nümayiş etdirdi, Cabbarovun kefinə soğan doğramadı, hörmətlə, diqqətlə qulaq asıb yola verdi.

Bir də 2016-cı ilin iyulun sonlarında Fransada ünsiyyətdə olmuşuq. "Qəbələ"nin "Lill"ə oyununda. Səfərdə olan media mənsublarının bütün suallarını təmkinlə dinləyib, səmimi cavab verdi. Sonra jurnalistlərlə 8-10 dəqiqəlik qeyri-rəsmi söhbəti oldu. İntellektual səviyyəsi, insani keyfiyyətləri yüksək, günahından başqa heç nədən qorxmayan adam kimi adam. O, danışdıqca göz önünə rüşvətxor məmurların harınlamış övladlarının hoqqaları gəlir. Və fikirləşirsən ki, Tale Heydərov da nazir oğludu. Gözünü açandan maddi problemi olmayıb. "Neujeli" bu adamın ağlından ayı başı kəsdirmək, şəhərin mərkəzində bahalı avtomobillərlə "avtoş"luq etmək, gününü dəbdəbəli restoranlarda eyş-işarətdə keçirmək keçməyib?

Bilmirik, bəlkə də kimsənin haqqına girib. Amma tam səmimi, əvvəl işlədiyim yerdə ən azından bəzi federasiya, klub rəsmiləri kimi, nə Tale bəydən, nə də yanındakılardan "sizə reklam veririk, bizə dəyməyin, bizi tərifləyin" kimi "əndrabadi" sözlər eşitmədik!

Heydərov bu gün "Qəbələ"nin prezidenti postundan istefa verdi. Sabah harada çalışacağını bilmirik. Amma gedəcəyi yerdə onunla çalışacaq insanlar özlərini şanslı saya bilərlər...

İxtiyar ƏSGƏROV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest