FİFA qanunlarına görə, istənilən futbolçu klubu ilə müqavilə müddətinin sonuna 6 ay qalmış başqa komanda ilə anlaşa bilər. Son illər dünya futbolunda bu cür keçidlərin çox şahidi olmuşuq.

Adətən eyni çempionatda mübarizə aparan komandalardan biri bu yolla digərinin oyunçusu ilə anlaşdığı zaman bunu ictimailəşdirmir, gizli saxlayır. Çünki onlar üçün rəqibə hörmətlə yanaşmaq, etik davranış - bir sözlə, futbol mədəniyyəti çox önəmlidi.

Azərbaycanda isə bütün bu prinsiplər tam tərsinə işləyir. Mövsümün sonuna yaxın önündə maneə kimi gördüyü komandanı psixoloji cəhətdən "sındırmaq", xüsusən də, "Neftçi" üçün prioritetə çevrilib. Yəqin ki, ötən mövsüm "Neftçi"nin "Sumqayıt"ı necə qabaqlaması hamının xatirindədi.

Avropa Liqasına vəsiqə uğrunda əsas rəqibi ilə oyunöncəsi dünya futbolunda bir ilk yaşandı və "Sumqayıt"ın prezidenti Kamran Quliyev "Neftçi"də zühur etdi. Bununla kifayətlənməyən "ağ-qaralar" prinsipial, taleyüklü oyunöncəsi rəqibin bir neçə futbolçusu ilə anlaşdı və bunu mətbuata yaydı. Məqsəd isə bəlli idi: rəqibə psixoloji zərbə vurmaq, bu rəqabətdə işi meydandan kənarda bitirmək.

Keçən mövsüm bunun xeyrini görən "Neftçi" indi də çempionluq yolunda önündəki əsas maneə olan "Qəbələ" ilə matça üstün başlamaq üçün hərəkətə gəlib. Onsuz da, Tale Heydərovun klub prezidenti postundan istefasından sonra gələcəyi sual altında olan "Qəbələ"nin düşdüyü durumdan ilk faydalanan məhz Kamran Quliyevin briqadası oldu. "Qırmızı-qaralar"la müqavilə müddəti mövsümün sonuna qədər olan komandanın ən yaxşı futbolçusu Stiven-Jozef Monrozla anlaşan "flaqman"ın bu istəyi mətbuata çıxdı. Məqsəd təkcə güclənmək olsa... Bu, zərbə alaraq yerə yıxılan rəqibin ayağa qalxmamağı üçün atılan addımdan başqa heç nə deyil.

XXVII turda keçiriləcək qarşılaşmaya qədər "Qəbələ"nin daha bir neçə futbolçusunu məhz "Neftçi" ilə anlaşması və bunun da car çəkilməsi sürpriz olmaz. Özünüz fikirləşin, hansı futbolçu bir oyundan sonra keçəcəyi komandanın Çempionlar Liqası yolunu kəsmək istəyər? Monroz və mayın 5-dək "Neftçi"nin qapısını döyəcəyi digər "Qəbələ"lilər də bu düşüncə ilə meydana çıxacaqlar. Bu isə o deməkdi ki, "Neftçi" Qəbələdəki oyuna artıq 1:0 öndə başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest