Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçusu Ayaz Quliyevi cəzalandırıb. Matc.az Moskva klubunun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Spartak"ın məşqinə gedərkən bir nəfərlə mübahisə edib və ona fiziki güc tətbiq edərək burnunu qırıb.

Həmin şəxs isə ABŞ vətəndaşı olub. Sonradan tərəflər öz aralarında razılığa gəlib, xoşluqla ayrılsalar da, məsələdən xəbər tutan "Spartak" rəhbərliyi Ayazı cəzalandırıb. Klub, istənilən zorakılıq hallarını pisləyərək, Quliyevin bu davranışının yolverilməz olduğunu bəyan edib.

Ayaz Quliyev isə açıqlama verərək, üzr istəyib: "Günahımı etiraf edirəm, həmin şəxsdən bir daha üzr istəyirəm. Klubumdan da üzr istəyirəm. "Spartak"ın azarkeşləri qarşısında isə çox xəcalət çəkirəm. Bu hadisə mənə ömürlük dərs olacaq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest