Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov Almaniya III Bundesliqasının XXXIII turunda "Münhen 1860"la qarşılaşmada təkcə qolla yadda qalmayıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, qələbə qolunun müəllifi olan forvard rəqibin bir futbolçusuna da ciddi xəsarət yetirib.

Belə ki, qarşılaşmanın 76-cı dəqiqəsində hava mübarizəsi zamanı müdafiəçi Simon Lorentsə dirsəklə vuran 28 yaşlı oyunçu sarı vərəqə ilə cəzalandırılmışdı. Həmin vaxt həkim müdaxiləsindən sonra oyunu davam etdirən Lorentsin isə müayinə zamanı burun sümüyünün qırıldığı aşkarlanıb. Həmçinin 22 yaşlı futbolçunun gözünün altı da əzilib. Bununla belə, Lorentsin "Münhen 1860"ın növbəti oyununa xüsusi maska ilə çıxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, Rüfət Dadaşovun komandası 33 oyundan sonra 45 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest