“Sabah” klubunun futbolçusu Con İrasaballa bağlı maraqlı fakt qeydə alınıb. Matc.az-ın araşdırmasına görə, ispan müdafiəçi uğurlu göstərici ilə diqqət mərkəzinə düşüb.

Misli Premyer Liqasının XXXII turunda “Səbail” ilə qarşılaşan “Sabah” 2:0 hesablı qələbəyə sevinib və bu nəticədə İrasabal mühüm rol oynayıb. Belə ki, matçın 22-ci dəqiqəsində korner zamanı icra edilən ev tapşırığından sonra məhz onun vurduğu qol komandasını hesabda önə keçirib. “Bayquşlar” bu üstünlüyü əldən verməyiblər, üstəlik, növbəti qolu da vuraraq 3 xalı təmin ediblər. Beləcə, İrasabalın ayağı və ya vurduğu qol “Sabah” üçün düşərli olub.

Maraqlı fakt isə ondan ibarətdi ki, bu, ilk belə hal deyil. Təkcə cari mövsümdə artıq 3-cü dəfədi ki, İrasabalın fərqləndiyi oyunda “Sabah” məğlub olmur. “Səbail”lə matçadək 7-ci turda “Kəpəz”lə 2:2 hesabı ilə bitən görüşdə və 10-cu turda “Sumqayıt”ın 3:1 hesabı ilə məğlubiyyətə uğradıldığı qarşılaşmada da İrasabal müdafiəçi olmasına rəğmən, adını tabloya yazdırmağı bacarıb. 28 yaşlı futbolçunun qol vurduğu bu görüşlərdə də “Sabah” məğlubiyyət üzü görməyib. Diqqətçəkən digər məqam hər 3 oyunu “Sabah”ın evdə keçirməsidi.

Bu uğurlu statistikanın əsası isə ötən mövsüm qoyulub. Keçən sezon təcrübəli arxa xətt oyunçusu 2 qolla yadda qalıb və hər iki görüş “bayquşlar”ın böyükhesablı qələbəsi ilə nəticələnib. Söhbət “Sumqayıt” və “Qəbələ” ilə səfər matçlarından gedir. Cari mövsümdən fərqli olaraq, İrasabal ötən sezon səfər oyunlarında fərqlənməyi bacarıb. Həmin matçlarda “Sumqayıt”ı 4 cavabsız qolla üstələyən “Sabah” “Qəbələ”yə isə 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, “Səbail”lə ötən həftə keçirilən oyun İrasabalın qol vurduğu və “Sabah”ın uduzmadığı 5-ci matç olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest