"Qəbələ"nin sabiq futbolçusu Serje Cehua karyerasını Türkiyədə davam etdirir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 5 ildi qonşu ölkədə çıxış edən 36 yaşlı hücumçu son vaxtlar meydandakı oyunundan çox şəxsi həyatı ilə gündəmə gəlir.

Türkiyədə ilk klubu Superliqa təmsilçisi "Antalyaspor" olan, lakin son illər həvəskarlar liqasında gün keçirən Cehua bu ilin yanvarından "Sarayköyspor"da çıxış edir. Qısa müddətdə Sarayköy rayonunda özünü sevdirməyi bacaran Fil Dişi Sahilidən olan forvard məşqlər istisna olmaqla, gününü çayxanalarda "okey" oynayaraq keçirir. "Okey"də rəqibsiz olması ilə ad çıxaran Cehuanın burda yaxşı pul qazandığı vurğulanır.

Türkcə sərbəst danışmağı bacaran futbolçu karyerasını bitirdikdən sonra da bu ölkədə yaşamağı planlaşdırır. Fransada yaşayan ailəsini də yanına gətirməyi düşünən oyunçu karyerasını yekunlaşdırdıqdan sonra menecerlik fəaliyyətinə başlayacaq.

Qeyd edək ki, Serje Cehua 2011-12 mövsümünü "Qəbələ"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest