"Fiorentina"nın hücumçusu Federiko Kyeza İtaliya mətbuatına müsahibəsində karyerasının əvvəllərini vərəqləyib. Matc.az saytı xəbər verir ki, 21 yaşlı forvard ilk qol və ilk qırmızı vərəqəsini xüsusi vurğulayıb.

Maraqlıdı ki, İtaliya millisinin üzvü hər iki hadisəni Avropa Liqasının 2016-17 mövsümünün qrup mərhələsində "Qarabağ"la görüşdə yaşayıb. Kyeza 2016-cı il dekabrın 8-də baş tutan oyunu belə xatırlayıb: "Peşəkar futbolçu kimi ilk qolumu Bakıda "Qarabağ"ın qapısına vurdum. Bir qədər sonra da ikinci sarı vərəqəni alaraq meydandan qovuldum. Meydanı tərk edəndə baş məşqçim mənə dedi ki, futbol ürəklə olduğu qədər ağılla da oynanılır. Onun bu məsləhəti həmişə yaddaşımda qalacaq".

Gənc oyunçu baş məşqçinin məsləhətini ilk vaxtlar anlamadığını da etiraf edib: "çempionatın sonlarındakı bir oyunda yenə eyni formada səhv etdim və qırmızı vərəqə aldım. Baş məşqçi onda dedi ki, sən hələ də başa düşməmisən. Bir sözlə, eyni şeyi mənə ikinci dəfə təkrarladı. Ancaq sonradan başa düşdüm ki, ehtiras və qazanmaq istəyindən də vacibi ağılla oynamaqdı".

Qeyd edək ki, qrup mərhələsinin son turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" - "Fiorentina" qarşılaşmasının 76-cı dəqiqəsində komandasına qələbə qazandıran qolun (2:1) müəllifi olan Federiko Kyeza 84-cü dəqiqədə qırmızı vərəqə almışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest