Messi deyiləndə adam çarəsiz qalır: hansı sözdən, cümlədən yapışasan ki, onu ifadə edə biləsən. Onun haqqında o qədər fikirlər deyilib ki... Məncə, Messi futbolun Bethovenidir. Topla sanki musiqi bəstələyir. Ayaqları topla sevişir, ruhu futbolla sintez qurur. Enşteyin elm sahəsində dahi idisə, Leonardo Davinçi rəssamlığın dahisi idisə, Evlis Presli rokn-rollun dahisi idisə, Messi də sözsüz ki, futbolun dahisidir.
Amma onun sərgilədiyi oyun futbol yox, sənətdi. Məhz Messi futbolu sənətə çevirən adamdı. Maradona, Pele kimilər futbolda inqilab etmişdilər, ancaq futbolu sənətə çevirə bilməmişdilər. Messi isə bunu bacardı.
 
Messinin sevgilisi onun utancaq olduğunu demişdi. Sözü Messinin sevgilisnə verirəm. Görək nə deyir:
 
"Bu, çoxdan olmuş hadisədir. Həmin vaxt Messinin yaşı az idi, amma nə etdiyini bilirdi. Onun mühafizəçisi dedi ki, maraqlandığım bir nəfər məni görmək istəyir. Qarşımda kumirimi görəndə heyrətləndim. Birbaşa dedim ki, cangüdəndən görüş təşkil etməyi istəmək düzgün deyil. Leonun utancaq olduğunu müşahidə etdim. Musiqidən danışdıq. Rəfiqəsi olub-olmadığını dediyini xatırlamıram. Sonra onun Puerto-Maderodakı evinə getdik. Yataqda ondan meydanda etdiklərindən az şey gözləmirdim. Düzü, Messi yataqda məni təəccübləndirdi. Sanki qarşımda meyit vardı".  
 
Bu sözlərdən belə fikrə gəlib çıxmaq olar ki, Messi futboldan savayı hər şeydə uğursuzdu. O əsər yaza bilməz, mühəndis, həkim və ilaxır. Ola bilməz. Hətta Messi qadınları belə ovsunlaya bilmir. Onun bəxti qadınlarla gətirmir. Nə olsun dahidi? Nə olsun ki, futbolu sənətə çevirib? Nitsşe, Freyd, Qoqol, Kant kimi dahilərin də qadınlarla münasibəti alınmırdı. Düzdü, Messi evlidi, ancaq o daxilən tənhadı. Sevgilisi futboldu, topdu, bir də ayaqları. Messinin ayaqları çirkin ola bilər, ancaq dünyanın ən mükəmməl ayaqlarına sahibdir.
 
Dünən gecə çempionlar Liqasında "Liverpul"a vurduğu qol da sənət əsəri idi. "Barselona" Messisiz boş səhra kimi görünər. Necə ki, vaxtı ilə Maradona "Napoli"ni dünyaya tanıtmışdısa...
 
Yadıma düşür, müəyyən zamanlarda Messi meydanlarda özünü ifadə edə bilmirdi, sanki topdan küsürdü. Necə ki, yaradıcı adamlar həyatlarının müəyyən zamanlarında əzab, tənhalıq hissləri yaşayır. Messi də həmçinin yaradıcılıq əzabları yaşayır. Və onun bu əzablarını heç kim anlamır.
 
Messi istedadlı futbolçu olsa belə yaradıcı ruhludur. Söylədiklərinə diqqət yetirin:
 
"Mən hələ də özümü anasına yalvararaq topu alıb həyətə çıxan uşaq kimi hiss edirəm. Bu hiss məni tərk edəndə futboldan gedəcəm".
 
Bu sehirli sözlərin altında nələr yatır. Futbol onun uşaqlıq yaddaşına hopub. Necə də futbol aşiqidi. Heyran olmamaq mümkün deyil.
 
Bir dəfə isə jurnalist Messidən soruşur:
 
     - Qol vuranda niyə göyə baxırsan?
 
Messinin cavabı sarsıdıcı olur:
 
- Vurduğum qolları dünyasını dəyişmiş nənəmə həsr edirəm. Məhz o, atama məni futbola aparmağa məsləhət görmüşdü. Heyif ki, indi etdiklərimi görə bilmir…
 
Messi haqqında o qədər şey yazmaq olar ki… Ona şeir, hekayə, aforizm, nə istəyirsən, həsr edə bilərsən. Ancaq Messi nə sözlərə, nə filmə, nə də hekayələrə sığmır. Onu sadəcə zövqlə, heyranlıqla tamaşa edəsən, vəssalam.
 
kulis.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest