Azərbaycan yığmasının Millətlər Liqasındakı son iki görüşündən sonra komandanın baş məşqçisi Qurban Qurbanov qapıda Kamran Ağayevə güvəndiyi üçün tənqidlərlə üzləşdi. Futbol ictimaiyyətinin müəyyən qismi mütəxəssisi Səlahət Ağayevə şans verməməkdə qınamışdı.

Buna səbəb kimi Kamranın Topaz Premyer Liqasının autsayderi "Keşlə"nin, Səlahətin isə yarışın lideri "Neftçi"nin heyətində yer alması, sonuncunun həmkarı ilə müqayisədə daha az top buraxması göstərilirdi. VIII turun "Zirə" ilə görüşündən sonra jurnalistlərə açıqlama verən Kamran bütün bunlara başqa səbəb göstərib.

O bildirib ki, tənqidçilərin məqsədi öz qapıçılarını, yəni "Neftçi"nin qolkiperini yığmada görmək, həm də çempionatdakı rəqiblərdən biri "Keşlə"yə bu yolla təsir etməkdi: "Kim tənqid edirdi? Futboldan başınız çıxır? Məni tənqid edənlər millidə öz komandalarının qapıçısını görmək istəyirlər. özüm isə onlara rəqib olan klubun qapıçısıyam".

Kamran qeyd edib ki, sosial şəbəkələrdə azarkeşlərin yazdıqları obyektivliyi tam əks etdirmir, onların klub sevgisi ilə bağlı olur: "Azarkeşlər çox şey yaza bilərlər. Bu gün "Zirə"nin azarkeşi yazacaq ki, Anar Nəzirov qapıda dursun. O duranda da "Keşlə"nin azarkeşi yazır ki, Kamran dursun. Heç kimin ixtiyarı yoxdu ki, məni ələ salsın. Məni çox tənqid ediblər. Bu gün tənqid eləyən sabah öpüb, qucaqlayır. Elə şeylərə alışmışıq".

Qapıçı karyerasını bitirənədək millinin "1 nömrə"si adına iddialı olduğuna da eyham vurub: "Bu gün mənəmsə, sabah da başqası dayana bilər qapıda. Bizim də futbolu bitirən vaxtımız olacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest