Orxan bəy komandanın keçmiş baş məşqçisi Ayxan Abbasovu geri qaytarmaq üçün göstəriş verib. Kubokun finalına vəsiqə qazanan gənc mütəxəssislə mövsümün əvvəlində vidalaşmağın düzgün olmadığını anlayan rəhbərlik onu...

Premyer Liqada qalacağını 27-ci turda rəsmiləşdirən "Zirə" böyük dəyişiklik ərəfəsindədi. Qışda edilən çoxsaylı transferlərə rəğmən, komandanın avrokuboklara vəsiqə qazana bilməməsi, üstəlik, ölkə kubokunun yarımfinalında "Sumqayıt"a uduzması rəhbərliyin qəzəbinə səbəb olub.

Baş məşqçi Samir Abasov yaradılan əla şəraitin müqabilində vəzifənin öhdəsindən gələ, komandanı qitə yarışlarına yüksəldə bildi. çempionatın ən kiçik büdcəli klubu olan "Sumqayıt"a yenilgi isə tamamilə gözlənilməz idi. İmkanları müqayisə edəndə daha asan rəqibləri yenərək yarımfinala kimi gələn "qartallar", məşqçinin istədiyi heyət zənginliyini də təmin etmişdi. Amma 10-dan çox əcnəbi ilə yalnız sona bir tur qalmış elitadakı yeri təmin etmək mümkün oldu.

Yarımfinalın cavab matçında "Sumqayıt"a ilk hissədə 0:3 hesablı məğlubiyyət (sonda oyun 3:3 bitdi, lakin Sumqayıtdakı qolsuz sülh qonaqların işinə yaradı – red.) rəhbərliyin səbrini daşıran son damla olub. Klubun fəxri prezidenti Orxan Məmmədov fasilədə əsəbi halda stadionu tərk edib. Abasovun davranışından, oyunçularla ünsiyyət tərzindən onsuz da xoşlanmayan Məmmədov mövsüm bitən kimi məşqçiylə vidalaşmağı düşünür. ötən yarım il ərzində dəfələrlə belə qərar verən fəxri prezidenti indiyədək ətrafındakı məsləhətçiləri fikrindən daşındıra bilirdilərsə, indi vəziyyət fərqlidi.

Məmmədovu təbdən çıxaran daha bir fakt Abasovun digər bir ölkə klubuyla danışıq aparması, daha doğrusu, xidmətini vasitəçilərlə bu kluba təklif etməsidi. "Zirə"də 8 min manat maaş alan Samir bəy gələn mövsüm iddialı olacaq bu komandadan 12 min istəyirmiş. Lakin bu klubun rəhbərliyi onun xidmətində maraqlı olmayıb, bundan sonra Abasov "Zirə"də qalmağa qərar verib.

Lakin yarımfinaldan sonra Orxan bəy komandanın keçmiş baş məşqçisi Ayxan Abbasovu geri qaytarmaq üçün göstəriş verib. Kubokun finalına vəsiqə qazanan gənc mütəxəssislə mövsümün əvvəlində vidalaşmağın düzgün olmadığını anlayan rəhbərlik onu yuvaya qaytarmaq niyyətindədi. Bu məsələ mövsüm bitdikdən sonra bir daha müzakirə ediləcək. Hələlik ilkin təklif edilib, Abbasov isə finalı düşündüyünü bildirib.

Ayxan bəyi "Sumqayıt" da saxlamaqda israrlıdı. Kluba tarixinin ən böyük uğurunu qazandıran məşqçi isə təcrübəsiz rəhbərliklə yola davam etmək niyyətində deyil. Klub strategiyası üzündən istədiyi komandanı formalaşdıra bilməyən Abbasov seçimini prezident Riad Rəfiyevlə son görüşdən sonra edəcək (futbolinfo.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest