"Bavariya" 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Camal Musialanı klubda saxlamaq istəyir və maaşını ildə 25 milyon avroya çatdırmağa hazırdır ki, bu da onu hücumçu Harri Keynlə birlikdə ən yüksək maaş alan oyunçu edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.
Bildirilir ki, Münhen klubunun rəhbərliyi Musialaya 2029 və ya 2030-cu ilə qədər müqavilə təklif etmək niyyətindədir. Artıq "Bavariya"nın alman futbolçu ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlara başladığı vurğulanır.
Xatırladaq ki, Musialanın "Bavariya" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 8 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 130 milyon avrodur.