Amma çempion olmaq şansını öz günahları ucbatından itirən Bakı klubunun rəhbərliyi millətimizə xas olan qonaqpərvərliklə bağlı düşüncələri tamamən alt-üst edir. Qonaq gələn "Qarabağ"a deyirlər ki, "atam evdə yoxdu"…

Azərbaycan futbolunu Kəramət Böyükçöl düşüncəsi ilə idarə edənlər yeni qərar aşamasındadırlar. Yuxuları ərşə çəkilənlərin qalstuku qapı arasında qalıb. Centlimenlik və mənlik yaddan çıxıb.

Söhbət Premyer Liqanın sonuncu turunda keçiriləcək "Neftçi" – "Qarabağ" matçının baş tutacağı məkanla bağlı müzakirələrdən gedir. Əslində, burada müzakirə ediləcək heç nə yoxdu. "Quran"da yazılmasa da, PFL-in kitab-dəftərində qeyd olunub ki, matç "Bakcell Arena"da – "Neftçi"nin meydanında baş tutmalıdı.
 
Amma çempion olmaq şansını öz günahları ucbatından itirən Bakı klubunun rəhbərliyi millətimizə xas olan qonaqpərvərliklə bağlı düşüncələri tamamən alt-üst edir. Qonaq gələn "Qarabağ"a deyirlər ki, "atam evdə yoxdu"…
 
Niyə? çünki klub prezidenti Kamran Quliyev 2014-cü ildən bu yana heç kimə aman verməyən "Qarabağ"ın "Neftçi"nin meydanında kubok qaldırmasını istəmir. Absurd fikirdi! Sən dünya futbolunda görünməmiş olaya imza atıb, mövsümün ortasında "Sumqayıt"ın prezidentliyindən çıxıb, "Neftçi"nin rəhbər postuna gələ bilirsən, "Qarabağ" haqq etdiyini edə bilmir? Bu nəyin kini, nəyin küdurətidi? Niyə rəqibi öz meydanınızda yox, "Dalğa Arena"da qəbul etmək üçün əl-ayağa düşmüsüz?
 
İddia edirlər ki, klub təhlükəsizliyi təmin edə bilməz! Bu sadəcə, cəfəngiyatdı, yalandı! Görünən odu ki, belə düşünənlərin ölkədən xəbərləri yoxdu! Hər halda, Bakıda keçirilən Avropa Oyunları, İslam Oyunları, "Formula-1" kimi yarışlarda təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu unudurlar. Və nəhayətində unudublar ki, Avropa Liqasının finalı da məhz Bakıda baş tutacaq. Və həmin matçın da təhlükəsizliyinə tam "qarantiya" verilib.
 
Bu, həm də "Neftçi" rəhbərliyinin hüquq-mühafizə orqanlarına qarşı sabotajıdı. Onların gücünə inamsızlığıdı.
 
ümumiyyətlə, bu belə bir niyyətlə qapı-qapı dolaşmağın özü də rəzalətdən başqa bir şey deyil. Tutaq ki, çempionluğun taleyi son matça qalacaqdı. Yaxşı, tutaq ki, "Qarabağ" da həmin matçda "Neftçi"yə qalib gələrək çempionluğu bayram edəcəkdi. Bəs, onda nə olacaqdı? Deyəcəkdilər ki, siz gedin evə, biz sizə kuboku taksi ilə göndərəcəyik?
 
Hər halda, bu gülünc niyyətin həyata keçməyəcəyinə inanırıq. çünki çempionata rəng qatan, futbola inkişaf etdirən məhz bu kimi məqamlardı, intriqalardı. Yox, buna da absurd qərarlarınızla qarşı çıxacaqsınızsa, Azərbaycan futbolunun inkişafının, azarkeşlərin stadiona gələcəyi ilə bağlı fikirlərinizin üstündən Kamran Quliyev boyda xətt çəkin.
 
Hər halda, mən "Neftçi" rəhbərliyini də anlayıram. Deyəsən, matçı "Dalğa Arena"ya keçirib, "Bakcell"də günah keçilərini otarmaq istəyirlər…
 
Emin SƏFƏROV
yenicag.az
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest