“Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanov “Turan Tovuz”un cari mövsümdəki çıxışı haqda münasibət bildirib. Matc.az xəbər verir ki, o, feysbuk səhifəsində bununla bağlı paylaşım edib.
Tahir Süleymanovun paylaşımını sizə təqdim edirik:
"Turan Tovuz" ötən günlərinə qayıtmaq yolunda önəmli addımlar atır. Möhtəşəm azarkeş dəstəyi, birliyi sayəsində "Turan"ın çempionluq, liderlik ruhu tədricən geri qayıdır. Hazırkı klub rəhbərliyinin Tovuzun futbol tarixinə, "Turan"ın yaradıcılarına göstərdikləri diqqət, mənəvi qayğı isə təqdirəlayiqdir.
Çətin müharibə, iqtisadi çöküş illərində, cəbhə bölgəsi olan Tovuzda peşəkar futbol klubunun yaradılması ideyasını həyata keçirmək sıradan hadisə deyildi. Bu missiyanı Azərbaycanın vətənpərvər oğlu Vidadi Əhmədov təmənnasız olaraq öz üzərinə götürdü. Tək futbol adına deyil, sərhədyanı rayonda xalqın birliyinin, qələbə ruhunun qorunub saxlanılmasında "Turan" müstəsna rol oynayıb. Top-qrad atəşləri altında stadion, tribunalar dolu olardı...
Zamanına uyğun maliyyə dayaqları nə qədər önəmli olsa da, işə yanaşma, idarəçi komandanın formalaşması bir o qədər də əhəmiyyətlidir. Vidadi müəllimin futbol silahdaşları arasında Şahin Mehdiyev xüsusi yer tutur. Çox sevindiricidir ki, "Turan"ın yaşamasında əməyi keçmiş insanlar, Yaşar Sultanov bu gün də klubun İdarə Heyətində, İman Həsənov komanda daxilində fəaliyyətlərini davam etdirirlər...
Şahin Mehdiyev "Turan"da Vidadi Əhmədovun sağ əli idi. İdarəçilik qabiliyyəti, ünsiyyət keyfiyyətləri məşqçi, futbolçularla dil tapması, azarkeşlərlə təması, hər bir işə həssas yanaşması, qayğı göstərməsi, Şahin müəllimi "Turan"ın əvəzolunmaz simalarından birinə çevirmişdi. Şahin Mehdiyev olan yerdə, istənilən məsələ, problem dərhal və yerində həll olunurdu...
Ağır illərdə, işıq, qaz, isti su belə olmadığı dövrlərdə, qonaq komandaları qarşılamaq, minimum şəraitlə təmin etmək böyük bacarıq tələb edirdi. Bütün çətinliklərə baxmayaraq, Tovuz şəhər stadionunun təbii ot örtüyü, nəinki o illərin, bu günün tələblərinə cavab verəcək ideal vəziyyətdə idi. Şahin Mehdiyev, müasir dillə deyilsə, əsl klub rəsmisi, meneceri kimi, federasiya, klublarla əlaqələri də öz üzərinə götürmüşdü, yüksək səviyyədə tənzimləyirdi.
Təsadüfi deyil, "Turan" çempion kimi Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komandadır. Gənc nəsil xatırlamaz, Şahin müəllimin əməyi diqqətdən kənar qalmadı, yeni əsrin əvvəllərində "Neftçi"də çalışdı, klub uğurları yolunda bacarığını əsirgəmədi.
Tovuz futbol tarixinin qədim ənənələri var. Bölgədə futbolun dirçəlməsində, ölkədə peşəkar klub anlayşının formalaşmasında "Turan"ın və yaradıcılarının müstəsna xidmətləri olub. Bu gün "Turan Tovuz"un Ehtiram Quliyev və tərəfdaşlarının sayəsi nəticəsində yenidən dirçəlməsi, o illərdə bünövrənin möhkəm qoyulmasının və qədirbilən sadiq azarkeşlərin əməyinin nəticəsidir.
"Turan"la nəfəs alan, yaşayan Şahin Mehdiyevin gözəl günündə daha böyük uğurlar, yubileylər, Tovuz futbolunun yenidən ölkəmizi Avropada təmsil etməsini arzu edirəm. Bu, "Turan" yaradıcılarına, əməyi keçmiş insanlara ən böyük hədiyyə olar!"