Sabah Kamran Quliyev "Neftçi"nin prezidenti kimi son görüşünə çıxacaq. Əslində, heç bu oyuna da qalmamalıydı. Amma SOCAR-da futbola məsul şəxslərin başı Avropa Liqasının finalına qarışması uğursuz prezidentin işinə yaradı.

Quliyevin prezidentliyini bəlkə də, uğurlu saymaq olar ...əgər "Zirə", "Səbail" və ya başqa klubda çalışsa ikinci yer uğurlu nəticə hesab edilər. Amma Quliyev "Neftçi"nin prezidentidi! Futbolumuzun tarixi, dünəni, bu günü, sabahı olan klubun. Ötən il Quliyevin "Neftçi"yə gəlişi film kimi oldu (çox güman, gedişi də elə olacaq). Avrokubok uğrunda mübarizə aparan "Sumqayıt"ı çətin vəziyyətdə qoyub qaçan Kamran müəllimin yeni klubuna gəlişindən cəmi 2 ay sonra boynuna medal asılırdı.

..."Neftçi"nin o vaxtkı prezidenti Orxan Hüseynzadə məhdud büdcəylə komandanı medala aparırdı. Klubun Baqali Dabo kimi  bahalı futbolçular almağa maliyyə imkanı olmadığından, Qato, Qomez, Kampaz kimi aşağı keyfiyyətli legionerlərə ümid edirdi. Bu yarışikəst heyət və Roberto Bordindən 20 dəfə az maaş alsa da, ondan daha bacarıqlı yerli məşqçi  - Tərlan Əhmədovla "Neftçi" bürünc medal qazandı. Həmin medal Orxan Hüseynzadənin idi. Amma Quliyev yaxşı tanıdığı Hüseynzadənin yerinə çoxdan göz dikmişdi və ilk imkanı qaçırmayıb onun medalını da öz boynuna taxdı, onun uğurunu da öz adına çıxdı.

Əsl həqiqət anı isə növbəti mövsüm idi. Quliyev mətbuata və azarkeşlərə hər açıqlamasında çempionluq vədi verir, hətta daha uzağa gedərək, Çempionlar Liqasının qrupundan dəm vururdu. Söz vermək üzrə çempionluğa yiyələn Kamran müəllim əməldə Braliç, Raku, Karikari, Paratski, Sansone kimi legionerlər, Rəşad Eyubov, Tural Axundov kimi yerli transferlərlə komandanı "gücləndirdi". Bu cür "Neftçi"yə layiq olmayan transferlərdə uşağa da aydındı ki, yalnız bir məqsəd ola bilər. O məqsədi də Kamran müəllim yaxşı bilir və o məqsəd Quliyevin verdiyi sözlərin əksinə çempionluq, Çempionlar Liqasının qrupu, pley-offu üçün yox, başqa prioritetlərlə edilən transferlər idi. Bu mənada əminik ki, Kamran Quliyev bu transferlərdən istədiyini aldı. Bəlkə də, gözlədiyindən daha artığını...

Ümumiyyətlə, Kamran müəllim "bacarıqlı" kadrdı. SOCAR-a da bazanı bu mövsümün sonu hazır edəcəyini söz verib, baş sponsordan da istədiyindən artığını ala bilmişdi. Bu bacarıqla Kamran Quliyevin daha da yüksəldiləcəyinə SOCAR-da və AFFA-da sanballı vəzifəyə təyinat alacağına şübhə qalmır. Düzdü, nə çempionluq, nə Çempionlar Liqası, nə də baza vədini yerinə yetirdi. Amma yaxşı kadr olmağın əsas üstünlüyü öz istədiyini almaqdı. Kamran müəllim də bunu çox yaxşı bacardı və bu mənada cari mövsüm özü gözləyəndən də yaxşı alındı. Nə deyirik, xeyirli olsun! Min bərəkət! "Sumqayıt"da bunu 10 ilə də etmək olmazdı, bu mənada bir günün içində klub dəyişən Kamran müəllimin nə qədər uzaqgörən addım atdığını və nə qədər "uğurlu" kadr olduğunu bir daha görürük.

İndi Kamran müəllim hamını razı salıb SOCAR-da da, klubda da, mediada da, başqa yerlərdə də özünə hamilər tapa bilib. Yeganə razı sala bilmədiyi azarkeşlərdi. Təəssüf ki, Kamran Quliyevdə onları razı salacaq potensial yoxdu. Çünki, bu insanlar klubu təmənnasız sevir və yeganə arzu-istəkləri uğurlu nəticədi. Burda məsələ bir az qəlizləşir. Kamran müəlliminin özü kimi, bəh-bəhlə təriflədiyi Bordində də o potensial yoxdu. "Uypeşt"lə oyunda elə, "Sumqayıt"la oyunda belə, mövsümboyu da göstərilən oyunda da bir məşqçi işi, dəst-xətt görmədik.

"Neftçi" bu günlərə qalmamalı idi, "Neftçi" bu adamların ümidinə qalmamalı idi, "Neftçi" "Qarabağ"ın ən zəif vəziyyətində çempionluğu əldən verməməli idi. Həm də 5 xal öndə ola-ola!

İndi Kamran Quliyev "Qarabağ"la oyunda klub rəhbərliyinin bacarıqsızlığına etiraz əlaməti olaraq  "istefa" hayqırmaq istəyənlərə qarşı sərt tədbirlər görərək azarkeşləri qorxutmaqla vəzifəsində qalmaq istəyir. Amma olacaq iş deyil. Taleyin ironiyası ilə qatar elə həmin "Sumqayıt"la oyunda gedib...

Bu gün doğum gününü qeyd etdiyimiz Ulu Öndər, dahi şəxsiyyət, unudulmaz Heydər Əliyev bir zaman Azərbaycan futbolunu uçuruma aparan Fuad Musayev haqda gözəl bir söz demişdi ki, "hər kəs öz bacardığı işin qulpundan yapışmalıdı - palançı palançılığını, papaqçı papaqçılığını etməlidi!" Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin!

Kamran müəllim də, daha yaxşı bacardığı işin qulpundan yapışmalıdı, məsələn, forma alverinin.

Əlvida, Kamran müəllim...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest