"Neftçi" - "Qarabağ" oyunu mövsümün bəzəyi olmalı idi. Futbolumuzun iki dəyəri son turda çempionun kimliyinə aydınlıq gətirməli idi. Mövsümün ən yaxşı fan-klubları "Forza Neftçi" və "İmarət",  mövsümün ən məhsuldar futbolçuları Baqali Dabo və Mahir Əmrəli, mövsümün ən yaxşı futbolçuları Emin Mahmudov və Abdulla Zubir, mövsümün ən yaxşı qapıçısı Səlahət Ağayev, mövsümün ən yaxşı baş məşqçisi Qurban Qurbanov – "ən"lərin derbisi olmalı idi bu qarşılaşma. "Ən"lər ən güclünü, çempionu ən son oyunda, mövsüm finalında öz aralarında müəyyənləşdirəcəkdi. çox təəssüf ki, olmadı.

Kamran Quliyevin naşı, yarıtmaz fəaliyyəti bu oyunu formallığa çevirdi. İndi "Neftçi" böyük hesablı qələbə qazansa belə, bu heç nəyi dəyişməyəcək. Gah azarkeşləri, gah futbolçuları günahkar çıxaran, gah onları bir-birinin üstünə yeridən Kamran Quliyevin "sayəsində" çempionluq qapıları "flaqman"ın üzünə bağlanıb.

"Qarabağ" "Bakcell-Arena"ya çempion kimi gəlir. Əzəli və əbədi rəqiblərinin meydanında ağdamlıların bayrağı çempion kimi dalğalanacaq. çempion bəlli olsa da, yalnız formallıq xatirinə keçirilən bu oyundan sonra "Neftçi"nin stadionunda "Qarabağ"a qızıl medallar təqdim olunacaq. Kamran Quliyev isə ikinci yeri tutan komandanın prezidenti kimi gümüş medalı boynuna asacaq. Əlbəttə, yatsa yuxusunda belə mükafat görə bilməzdi. Amma naxışı o yerdə gətirdi ki, "Neftçi" kimi kluba prezident təyin olundu. Düzdü, klubda faktiki olaraq "birinci skripka" rolu ifa etməsə də, vitse-prezident Elnur Eyvazovun çaldığı havaya oynasa da, kağız üzərində adı prezident gedir.

çempion olsaydı, yenə də bütün uğurlar onun adına çıxılacaqdı. Amma bugünkü ilin finalını formallığa çevirdiyi və klubun möhtəşəm azarkeşlərinə bu əzabları yaşatdığı üçün "sağ ol" düşməsə də, biz yenə də "sağ olsun" deyirik. çünki, bu onun son oyunudu.

Bizim alicənablığımız Kamran müəllimi başqa sözlərlə yola salmağa imkan vermir. Heç nə həll etməyən bugünkü oyunda qələbə qazanılsa, bu Kamran Quliyevə vida hədiyyəsi olacaq. Onsuz da bu oyun nə "Qarabağ"a lazımdı, nə "Neftçi"yə, nə də heç kimə. Təki Kamran müəllimin könlü xoş olsun.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest