"Nə qədər gərginlik olsa, bir o qədər maraqlıdı. Mövsümün son oyunudu. Düzdü, azarkeşlər arasında xoşagəlməz söhbətlər yaranır. Mən deyərdim ki, başqa ölkələrin çempionatlarında daha gərgin oyunlar olur"

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün son oyunları keçiriləcək. Sözsüz ki, ən maraqlı qarşılaşma "Bakcell Arena"da baş tutacaq. Matc.az xəbər verir ki, oyundan öncə "Neftçi" rəhbərliyinin istər görüşün keçiriləcəyi stadionun dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciəti, istərsə də biletlərin qiymətini 50 manata qaldırması birmənalı qarşılanmayıb. PFL prezidenti Ramin Musayev sözügedən qarşılaşma ətrafında yaranan ajiotajdan danışıb. O, maraqlı fikirlər səsləndirib:

- Son günlərdə "Neftçi" – "Qarabağ" matçı ətrafında ciddi ajiotaj yaranıb. Əvvəlcə bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…

- Nə qədər gərginlik olsa, bir o qədər maraqlıdı. Mövsümün son oyunudu. Düzdü, azarkeşlər arasında xoşagəlməz söhbətlər yaranır. Mən deyərdim ki, başqa ölkələrin çempionatlarında daha gərgin oyunlar olur. Gəlin, bunlara normal yanaşaq.

- Düşünmürsüz ki, futbolu inkişaf etdirən elə bu cür rəqabətdi?

- Fikrimcə, bu intriqalar növbəti mövsümdə çempionatın daha maraqlı keçməsinə təkan olacaq.

- "Qarabağ" tərəfi sakitdi, amma "Neftçi" rəhbərliyi stadionun dəyişdirilməsi üçün müraciət etmişdi. Bu gün də biletlərin qiymətini qaldırıb…

- Onlar müraciət üçün yox, müzakirə üçün gəlmişdilər. Bu gün "Qarabağ"ı qəbul edən tərəf "Neftçi"di. Cavabdeh də onlardı. Bakılıların bizdən dəstək alması, müzakirə etməsi xoşagələn haldı. Burada qeydi-adi heç nə yoxdu. Klub rəhbərləri gəlmişdi. Onları bura gətirən səbəb azarkeşlərin feysbukda bir-birilərinə atmacalar atması, hədə-qorxu gəlmələri idi. Geniş müzakirədən sonra qərar gəldik ki, oyun "Bakcell Arena"da keçirilsin. Azarkeşlər arasında söz-söhbət olmalıdı. Bu, futbolun bir marağıdı. Mən demirəm, bir-birilərini təhqir etsinlər. Mən "Neftçi"də işləyəndə azarkeş sayına görə rekord qırdıq. ölkə kubokunun 1/4 finalı olsa da, "Xəzər Lənkəran"la matça 24 min azarkeş gəlmişdi. Həmin vaxt Tuyqun Nadirovla danışdıq, bir-birimizə etik çərçivədə atmacalar atdıq. Bu gün o hərəkəti etmək istəyirlər, amma təhqirə keçirlər. Biz də bunun əleyhinəyik. Unutmayaq ki, avrokubok oyunlarında hər iki klubun azarkeşləri bir-birilərinə dəstək olurlar. Mən bunun canlı şahidi olmuşam. Sizin vasitənizlə həmin azarkeşlərə səslənirəm. Klub rəhbərlərinin yerinə olsam, bir-birilərini oyunlarına dəvət edərəm. Onlar 90 dəqiqə rəqibdirlər. O vaxt Mais Mənsimov, Tuyqun Nadirov bizi hakimin final fitindən sonra dəvət edərdi, gedib Lənkəranda ən bahalı restoranda yeyib-içərdik. Bu həmişə qarşılıqlı olub.

- "Neftçi" rəhbərliyi biletin qiymətini 50 manat edib. Sizcə, baha deyil?

- Bu, klubun daxili işidi. Qarışmağa ixtiyarımız yoxdu. Məncə, fikirləşiblər ki, çempionatın son oyunudu. Qarşıdan da Avroliqanın finalı gəlir. Ən ucuz bilet də 60 avrodu. Bunlar da yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, yoxsa yox?

- Hər halda, Azərbaycan Premyer Liqası ilə Avroliqa bir deyil…

- Bilirəm, amma bu oyunda olan maraq heç də final matçından geri qalmır.

- İstənilən halda, bu cür addımlar azarkeşləri stadiondan küsdürür. Biz istəyirik stadiona azarkeş gəlsin. Amma reallıqla yanaşsaq, bu gün azarkeşin biletə 50 manat verməyə imkanı yoxdu…

- Sözsüz ki, biz də azarkeşlərin stadiona gəlməsinin tərəfdarıyıq. Amma bizim klubun daxili işinə qarışmağa ixtiyarımız da yoxdu.

 

www.yenicag.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest