"Böyük söz-söhbətə səbəb olan qərar ictimaiyyət arasında geniş müzakirə olunur, emosional münasibət bildirilir, meydandakı oynanılacaq futbol yaddan çıxıb, çıxarılıb. Elə məqsəd də budu". Bu sözləri matc.az saytına açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

Paytaxt təmsilçisinin Topaz Premyer Liqasının bu gün "Qarabağ"la keçiriləcək son tur oyunu üçün biletləri 50 manatdan satışa çıxarması böyük narazılığa səbəb olub.

Süleymanov bildirib ki, hər iki klubun azarkeşlərinin fikirləri başadüşüləndi: "İstənilən halda, münasibətlər qarşılıqlı hörmət əsnasında aparılmalıdı. Bu məsələyə üzdənyanaşma ilə deyil, futbola uyğun daha detallı təhlillərlə yanalışmalıdı. öncə hər bir klub ev oyunlarında reallığa söykənən bilet qiymətlərini matçın mahiyyətinə uyğun olaraq müəyyənləşdirə bilər. Bunu "Qarabağ" da "Neftçi" ilə oyunlarda edib. Alıcılıq qabiliyyəti deyilən anlayış var. Bunu tək futbol deyil, ümumi durum da diktə edir. Reallığa söykənən addımlar atılanda hərtərəfli müsbət effekti olur".

Sabiq klub rəsmisi formal oyun üçün biletə bu qədər qiymətin anlaşılmaz olduğunu vurğulayıb: "Son turdu, açıq "Bakı birinciliyi"i çempionat ərzində boş tribunalar önündə keçirilib. Digər tərəfdən son oyunun çempionluq yolunda əhəmiyyəti də sıfıra enib. Belədə qiymətlərin bu həddə çatdırılması nə futbol, nə də ki, kommersiya  baxımdan məntiqli və əsaslandırılmış ola bilər. Vaxtilə rəqabətli, gərgin, tribunalara 15-20-25 min azarkeşin gəldiyi vaxtlarda nə "Neftçi", nə də "Xəzər Lənkəran" "Böyük oyun"larda belə addımlar atıb. Futbol azarkeşlər üçün oynanılır və onları müxtəlif süni əngəllərlə tribunalardan uzaqlaşdırmaq deyil, əksinə, stadiona cəlb etmək lazımdı. Qiymətlər reallığa uyğun qaldırıla bilərdi, maksimum 3-5 manat civarında. Qeyd olunan qiymətlərlə vaxtilə "Neftçi" Milan "İnter"i ilə oyunda ancaq bilet satışından 300 min dollardan çox gəlir əldə edib. Nəinki 50 manat, azarkeşləri, ümumi həyat səviyyəsini, alıcılıq qabiliyyətini düşünərək heç adi sektorlara 25-30 manata bilet satılmayıb. Ancaq VİP sektorlara bilet 50 manat olub".

Süleymanov "Neftçi" rəhbərliyinin bu addımının altında başqa məqsədlərin olduğuna işarə vurub: "Neftçi" rəhbərliyinin atdığı addım özləri də dərk etmədən turnir cədvəli baxımından əhəmiyyətsiz bir oyunda rəqib üçün çempionluğun mahiyyətini, "Qarabağ"ın klub olaraq dəyərini daha da qaldırmış olur. Böyük klublarda psixoloji olaraq belə addımların atılması yolverilməzdi. Təəssüf ki, məqsəd, məram futbol deyil, fərqlidi. "Neftçi" azarkeşlərini dəvətnamə biletləri ilə müəyyən sayda təmin edəcək, futbol qanunları buna imkan verir. Qiymətli biletlər isə hətta hədiyyə verilsə belə, mütləq dəyəri ödənilməlidi. Bu, qanundu. "Qarabağ" isə 2-3 min bileti alıb azarkeşlərinə verəcək. 100-150 minlə kasıblamayacaqlar, elə çempionluğa görə çempionlar Liqasının ilk mərhələsindən gələcək gəlirlə bunu artıqlaması ilə kompensasiya edəcəklər. "Neftçi" də bu məbləğlə dövlətli olası deyil, olsa-olsa "Sumqayıt"la start heyətində olan Rakunun pulunun bir qismini ödəyib yola salarlar. Mənəvi, faktiki, psixoloji cəhətdən "Neftçi" üçün itiriləcəklər isə daha çoxdu. Atılan addım nə rəqibə, nə də "Neftçi" böyüklüyünə görədi. Heç klublar arasında rəqabəti də artırmır, əksinə, mənasız qarşıdurma yaradılır. Vaxt var idi Quzanlıda hər iki klubun azarkeşlərinin "Qarabağ bizimdi, bizim olacaq" sədaları səngərlərə kimi gedib çatırdı. Rəqabət yaşıl meydanda olmalıdı".

O, əlavə edib ki, bu təəccüblü qərar deyil və "Neftçi" böyüklüyünü dərk etməyənlərdən istənilən addımı gözləmək olar: "Bileti 50 manat etmək lazım deyildi, çempionluğu təmin edib, son oyunda "Qarabağ"a 3-5 min bilet hədiyyə göndərib, stadiona dəvət etmək lazım idi..."

Tahir Süleymanov sonda klubların maliyyə hesabatlarını açıqlamalarına da münasibət bildirib: "Klubların bir vərəqdə olsa da, maliyyə hesabatı ictimaiyyətə təqdim edilib. Ən azı klub büdcələri ayrı-ayrılıqda bilindi. Eyni zamanda klubların bilet satışından "gəlirləri" də göstərilib. Məncə, əlavə şərhə ehtiyac yoxdu. Xərclənən 11 milyondan çox vəsaiti bir oyunda 50 manatlıq biletlərlə qaytarmaq mümkünsüzdü. Artıq 4-5 ildi "Neftçi" titulsuz qalır, UEFA reytinq cədvəlində min əziyyətlə qazanılan xallar minimuma enib. Bu barədə düşünmək lazımdı..."

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest