Bərbad transferlərlə mövsümə möhürünü vuran "Neftçi" öz istedadlarına şans vermədi. Hətta, "Sabah", "Səbail" və "Sumqayıt" kimi komandalar bu il bir neçə yetirməsini futbolumuza bəxş etdi, böyük futbolda - Premyer Liqada debütünə şans yaratdı. "Qarabağ"ın çempionlar Liqasında iştirakı sayəsində UEFA-dan uşaq futboluna gələn vəsaiti də təyinatı üzrə deyil, öz aləmlərində ağdamlılara qarşı çempionluq mübarizəsinə həsr edən bakılıların prezidenti Kamran Quliyev Raku, Braliç, Paratski, Karikari kimi bərbad transferlərə xərclədi.

Halbuki, "Neftçi"nin aşağı yaş qruplarında da kifayət qədər istedadlı yeniyetmələr var. Düzdü, bu uşaqların yetişməsində Quliyevin zərrə qədər də payı yoxdu. Amma məsələn, Rəhman Daşdəmirov Rakudan da, Braliçdən də qat-qat səviyyəli müdafiəçidi. Maaşı da çox güman onlardan 20-30 dəfə azdı. Bu cür futbolçuları qazandırmaq əvəzinə Mirabdulla Abbasov kimi komandanı qışacan çempionluğa daşıyan klubun yetirməsinin əvəzinə İtaliyanın C seriyasından (3-cü liqadan) 32 yaşlı təqaüdçü Sansonenin gətirib əsas heyətdə yer verdilər.


Təbii ki, bu amil gənc hücumçumuza yaxşı təsir edə bilməzdi. Nəticədə Sansone bu il cəmi 2 qol vurdu, ötən ilin futbolçusu seçilən Mirabdulla isə həvəsdən düşüb formasını itirdi və çox güman yaxın günlərdə "Səbail"ə keçəcək. Eyni sözlər Rəhman Hacıyevə də aiddi. ölkəmizin ən istedadlı futbolçularından biri, ötən mövsüm "Neftçi"nin liderlərindən olan milli futbolçu üçün Kamran Quliyevin gəlişindən sonra əsas heyətin qapıları bağlandı. çox güman, Rəhman da yaxın günlərdə başqa komandaya keçəcək. Aşağı yaşlarda klubun yetişdirdiyi bir çox istedad Quliyev gələndən sonra başqa kluba üz tutmalı olub. Orxan Fərəcov, Qadir Bayramlı, Cavidan Qasımlı kimi istedadlar "Keşlə"də əsas heyətə cəlb olunub, bəziləri Premyer Liqada debüt edib. ölkənin ən istedadlı yeniyetmə futbolçularından biri Mehman Məsimov Kamran Quliyevin prezidentlik bir yana, qeyri-səmimi münasibəti ucbatından klubda aldığı zədəni müalicə etdirməyə maddi imkan tapmayaraq, karyerasını bitirmək məcburiyyətində qalıb. Siyahı uzundu. Amma hamısını yazmağa ehtiyac yoxdu.

Dəqiq bilinən bir şey var ki,  Kamran Quliyevin "Neftçi"yə vurduğu yaranın qaysağı hələ uzun müddət qurumayacaq... Rakulardan, braliçlərdən isə klub büdcəsi yalnız və yalnız itki görəcək. Quliyevin yayda bəh-bəhlə gətirib qışda külli miqdarda kompensasiya ödədiyi futbolçulardan gələn zərər bitməmiş, qışda gətirilib indi yola salınacaq rakuların, sansonelərin kompensasiyaların dərdi var.

Sağ olsun, Kamran müəllim! Gəldiyi bir ildə kluba indiyəcən ağla gəlməyən "qazanc" verdi.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest