17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda oyunlara start verilib. Matç.az saytı xəbər verir ki, Albaniyada mübarizə aparan komandaların yarışında öncə meydana Azərbaycan və Norveç milliləri çıxıb.

Ramin Quliyevin rəhbərliyi altında seçmə mərhələdə ilk matçını keçirən komandamız meydana çıxmasına da peşman olub. Belə ki, skandinaviyalıları yığmamızı darmadağın edib.

İlk yarının ortalarında 4 dəqiqəyə üç top vuran şimallılar millimizə səviyyə fərqini nümayiş etdirib. Matçın taleyini fasiləyədək həll edən rəqib qarşılaşmanın sonlarında daha bir dəfə fərqlənib. Millimizin gücü isə yalnız son dəqiqələrdəki təsəlli qoluna çatıb – 1:4. Yığmamızın yeganə qoluna əsas yığmanın və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, qrupumuzda ilk turun digər oyununda Albaniya və çexiya üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 16:00-da başlayacaq.

U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsi

VIII qrup
I tur, 23 oktyabr

Azərbaycan – Norveç - 1:4

Qollar: Qurbanlı, 89 - Geelmuyden, 18 (pen); Skrogstad, 19; Oppegard, 21, Vallotto, 71
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya)
Luşnya. "Roza Haciu" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest