Roberto Bordinin "Neftçi"dəki "uğuru" italyanları yaman hərəkətə gətirib. Deyilənə görə, baş məşqçi axtarışında olan "İnter", "Milan" və "Roma" son illərin dəyişməz çempionu "Yuventus"u taxtdan salmağın yeganə yolunu məhz Bordində görürlər.

İtaliyalı həmkarlarımız yazıb ki, onun ölkə xaricində çalışdırdığı komandaların "tüğyan" etməsi bu cür məşqçini əldən buraxan yerli klubları peşman edib. Səhvlərini düzəltmək və titullar qazanmaq üçün də "Neftçi"nin çalışdırıcısına göz dikiblər.

Hər halda, İtaliya KİV-nin yazdığından bu qədər şişirdilmiş olmasa da, belə başa düşdük ki, bu ölkədə Bordinə ehtiyac var. Allah qovuşdursun! Ancaq içi boş transfer iddialarını sevən Bordinin həmyerliləri bunu yazanda onun Moldova, Azərbaycan kimi futbolu geridə qalmış ölkələrdə çalışdığını, İtaliyada isə belə məşqçilərin "vaqonla" olduğunu bilmirlərmi?

Yayılan bu məlumatın "Neftçi" rəhbərliyinin növbəti "oyunu" olduğunu görmək çətin deyil. Moldovada "Şerif"i çempion edən məşqçini ötən il gətirib onunla 2 illik müqavilə imzalayan rəhbərlik indi qərarından peşmandı. Klub prezidenti Kamran Quliyevin əlində olsa, həmən Bordini ölkəsinə yola salar, hətta özü aparıb ötürər ki, bir də bu tərəflərə ayağı dəyməsin. Amma əcnəbidi, müqavilə müddəti davam etdiyindən ortada təzminat söhbəti var. İtaliyadan marağın olması isə menecerlərlə aparılan işbirliyinin nəticəsidi.

İtaliya illərlə Avropanın nəhəng yığmalarına, klublarına məşqçi vermiş ölkədi. Ancaq yeni nəsildə barmaqla sayılacaq qədər güclü mütəxəssisləri var. Bordin isə, bəlkə də, ölkəsinin heç "1000-liy"inə düşə bilməz. Sırf italyan olmasına susayan "Neftçi" rəhbərliyi bunun cəzasını da çempion olmamaqla çəkdi.

Axı bu məşqçi geridə qalan bir il ərzində nələr etdi? Təzə gələndə "transfer işinə qarışmıram, rəhbərlik kimi lazımdısa gətirir" deməklə hansı xarizmada olduğunu göstərdi. Tərlan Əhmədovun "bürünc" qazandığı kollektivdən qat-qat güclüsü italyanın ixtiyarına verildi. Təkcə Ayxan Abbasov əlindəki kasad heyətlə, şahmat dili ilə desək, onu neçə dəfə mat etdi. "Neftçi"yə yaraşmayan qorxaq futbol oynatdı. Komanda hesabda geri düşəndə əl-ayağı dolaşdı, ortaya məşqçi işi qoymadı. Transferlərin çoxu fiasko ilə nəticələndi. Sadəcə, Mamadu Mbodj, Emin Mahmudov, Baqali Dabo kimi futbolçuların fərdi ustalığı, "Qarabağ" istisna olmaqla digər klubların "can üstə" olması sayəsində "Neftçi" çempionluq uğrunda yarışa bildi.

Bunda "Qarabağ"ın avrokuboklardakı çıxışını da əlavə etmək lazımdı. çünki Ağdam təmsilçisi mövsümün ilk yarısında məhz Avropa Liqası matçlarına görə "Neftçi" də başda olmaqla, bir çox oyuna ehtiyat qüvvə ilə çıxmışdı.

"Xalqın gözü tərəzidi" ifadəsi boş yerə işlədilmir. "Neftçi" azarkeşləri də kimin nəyə qadir olduğunu görəcək qədər futbolu gözəl bilirlər. Bordin də ilk gündən fanatların bəyənmədiyi, qəbul etmədiyi baş məşqçi oldu.

İndi siz deyin: bu qədər səriştəsiz məşqçini İtaliyanın hansı komandası istəyər?

"Bordinə İtaliyadan təklif" söhbətini Kamran Quliyevin növbəti uğursuz zarafatı kimi qəbul edib, "Neftçi"yə layiq olmayan baş məşqçiyə tezliklə Tanrının yoxdan bir təklif yetirəcəyinə inanaq. İtaliya olmasın, İtaliyaya yaxın San Marino olsun, yetər ki, təklif gəlsin və senyor Roberto şələ-şüləsini, İtaliyadan gətirdiklərini, Sansoneni də götürüb "ağ-qaralar"ın canından əl çəksin. Kamran müəllimi də apara bilsə, "Neftçi"nin yeni tikiləcək bazasına Bordinin adını vermək olar. ölkənin ən köklü klubuna layiq olmayan prezidenti aparacaq şəxs yalnız dərin ehtirama layiqdi. Odur ki, Bordinə də, Quliyevə də tezliklə layiq olduqları yerə getməyi və "Neftçi"ni rahat buraxmağı arzulayaq.

Tanınmış bozbaş mahnılardan birində deyildiyi kimi: Get, get, dayanma get, sinyor Bordin! Sansoneni və Kamran müəllimi də özünlə apar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest