Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının VIII turunun oyunları ilə bağlı qərarlar da qəbul olunub.

"Keşlə"ylə matçda "Zirə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

"Sumqayıt"la qarşılaşmada "Sabah"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb.

Oyunun 15-ci dəqiqəsində "Sumqayıt"ın üzvü Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alıb. Müdafiəçi buna görə 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Qəbələ" – "Neftçi" matçı cəza baxımından daha məhsuldar alınıb. 67-ci dəqiqədə "Qəbələ"nin oyunçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat xərcə düşüb.

Oyunun 62-ci dəqiqəsində "Neftçi" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat ödəyəcək. 64-cü dəqiqəsində "Qəbələ" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.

"Neftçi"nin azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan "Qəbələ"nin təqdim edəcəyi hesaba uyğun olaraq "Neftçi" klubu tərəfindən ödəniləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest