Azərbaycan kubokunu qazanaraq Avropa Liqasında iştirak hüququ əldə edən "Qəbələ"də köklü islahatlar gözlənilir. Matc.az saytının məlumatına görə, klub rəhbərliyi heyətdə ciddi dəyişikliyə əl atmağı planlaşdırır.

Hələlik baş məşqçi Sənan Qurbanovla yanaşı, 4 futbolçu - Vojislav Stankoviç, Davit Volkov, Anar Nəzirov və Ceyms Adeniyinin komandada qalacağı dəqiqdi. Onların hər birinin klubla müqaviləsi var. Bununla belə, komanda gənclərə şans verəcəyi təqdirdə həmin futbolçularla müqavilənin qarşılıqlı razılıq əsasında pozulacağı istisna deyil.

Sözləşməsi başa çatan digər oyunçuların əksəriyyəti isə yola salınacaq. "Neftçi" ilə anlaşan Stiven Jozef-Monroz özü də "Qəbələ" ilə vidalaşacağını gizlətməyib. Həmçinin, Dmitri Bezotosnı, Sabien Lilay və Lalavele Atakoranın da gedişi gözlənilir. Lilay və Atakoranın sözləşməsində yer alan bəndə əsasən, klub müddəti daha 1 il uzada bilər. Lakin bunun üçün futbolçular rəhbərliyin təklif etdiyi maaşa razı olmalıdılar.

O ki qaldı yerlilərə, nə az, nə çox, düz 9 oyunçunun müqavilə müddəti bitir. Onlardan İlqar Qurbanov, Rasim Ramaldanov və Cavid Hüseynov çox güman ki, karyerasını başqa komandada davam etdirəcək. Kapitanın adı artıq "Sabah"la birgə hallanır.

Müqaviləsi başa çatan Rauf Əliyev, ürfan Abbasov, Elvin Camalov, Asif Məmmədov, Bəhlul Mustafazadə və Qismət Alıyevin taleyinə isə danışıqlardan sonra aydınlıq gələcək.

Yeni mövsümdən "Qəbələ"də gəncləşdirmə siyasəti olması gözlənilir. Bu, akademiyanın daha bir neçə yetirməsinə Premyer Liqada iştirak imkanı verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest