Azərbaycan kubokunun qalibi "Qəbələ" heyətində "təmizləmə işləri"nə başlayıb. Matc.az saytının məlumatına görə, "qırmızı-qaralar" artıq 3 əcnəbi futbolçu ilə yollarını ayırıb.

Bunu "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişinə açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı deyib. O bildirib ki, yarımmüdafiəçilər Sabien Lilay, Lalavele Atakora və hücumçu Stiven Jozef Monroz yola salınıb. Adıçəkilən oyunçularla başa çatan müqavilə müddəti yenilənməyib: "Bu futbolçularla yeni sözləşmə imzalanmayacaq. Həm bəzi şərtlər, həm də mövsüm ərzində göstərdikləri oyuna görə belə qərar verilib".

Klub rəsmisi müqavilə müddəti başa çatan digər futbolçularla bağlı isə hələ qərar vermədiklərini vurğulayıb: "Digərləri ilə bizə ayrılan büdcəyə uyğun olaraq danışıq aparılacaq".

Qeyd edək ki, fransalı Monroz "Qəbələ"yə 2017-ci ilin yayında "Brest"dən, albaniyalı Lilay ötən ilin yayında "Skenderbeu", toqolu Atakora isə "Adana Dəmirspor"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest