“Əvvəlki toplanışla ikinci arasında fərq böyükdü. Öncəkində 5-6 gün bir yerdə olduqsa, indi vaxtımız çoxdu”. Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya yığmaları ilə oyunlara hazırlıq haqda danışarkən deyib.

Xorvatiyalı mütəxəssis “Bakcell Arena”da təşkil edilən mətbuat konfransında bildirib ki, futbolçuların fərqli vaxtlarda düşərgəyə qoşulması işi qəlizləşdirir: “Eləsi var 19-dan bizimlədi. Toplanışa 16 nəfərlə başladıq. Bir neçə gün bu cür davam edəcəyik. Mayın 24-dən etibarən Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov və Renat Dadaşov bizə qoşulacaq. İyunun 3-də isə ölkə xaricində çıxış edənlər – Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov gələcəklər”.

Baş məşqçi Macarıstanla matça yaxşı kökləndiklərini söyləyib: “Oyunun ciddiliyini yaxşı dərk edirik. Hamımız yüksək-əhval ruhiyyədəyik. Optimistəm, stadion da dolacaq və yaxşı nəticə əldə edəcəyik. Hazırlığın sonunda 27 nəfər olacağıq. Lakin matç zamanı yəqin 2-3 nəfər heyətdə yer almayacaq”.

Yurçeviç əsas yığmanın iyunun 1-də Azərbaycanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcəyini əlavə edib.

- Qarşıdakı iki oyunda neçə xal sizi qane edəcək?

- Qarşıdakı oyunlarda nə qədər xalın məni razı salacağını deyə bilmərəm. Biz meydanda ən yaxşısını etməyə çalışacağıq. Özümüzdən razı olmağa əsasımız yoxdu.

- Qarşıda iki matç var. Futbolçuların yorğunluğunu göz önünə alsaq, bu görüşlərdə heyətdə radikal dəyişiklik mümkündümü?

- Əvvəlcə birinci oyunu fikirləşməliyik. İkinci matçı düşünmək hadisələri qabaqlamaq olar. Müsbət nəticə bizə həm fiziki, həm də psixoloji baxımdan yaxşı təsir edə bilər. İndiyə qədər görməmişəm ki, bir komanda 3 gün ərzində iki oyuna fərqli heyətlərlə çıxsın. 20 nəfər oyunçu ilə işləyiriksə, radikal dəyişikliyə nə ehtiyac var?

- Qapıda kimə şans verəcəksiniz?

- Hazırkı vəziyyətə əsasən deyə bilərəm ki, dəyişikliyə ehtiyac görmürəm. Xorvatiya və Litva ilə matçlarda qapını Səlahət Ağayev qoruyub. Fikrimcə, öz çıxışı ilə kredit qazanıb. İndiki məqamda qarşıdakı oyunlarda da ona şans verməyi düşünürəm.

- Ayaz Quliyevin milliyə dəvət olunması barədə nə deyə bilərsiniz?

- Ayaz Quliyev haqda eşitmişəm. Lakin onun milli komandada oynamaqla bağlı son qərarı vermək mənim səlahiyyətimdə deyil. Onunla şəxsən söhbət etməmişəm. AFFA-dakı məsul şəxslər danışıb. Bilsəm ki, ümumi duruma təsir edər, məmnuniyyətlə danışaram.

- Türkiyədə çıxış edən futbolçuları niyə dəvət etmirsiniz? Məsələn, Dəniz Yılmazın çıxış etdiyi “Gənclərbirliyi” Superliqaya yüksəldi...

- Azərbaycan millisində oynaya biləcək istənilən futbolçu ilə maraqlanıram. Ölkə xaricindəkiləri də izləyirəm. Dəniz Yılmaz son vaxtlar lazımi qədər oynamayıb.

- Bəs “Trabzonspor”dan Murat Cem Akpınar?

- Akpınarla bağlı ətraflı məlumatım yoxdu. Hər kəsin tanıdığını mən tanıya bilmərəm. Belə cavan oyunçuya yox demərəm. Onunla maraqlanaram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest