"Neftçi" Futbol Akademiyasının ingiltərəli direktoru Mik Benetin matc.az saytına müsahibəsi

- Mayın 29-da Avropa Liqasının final oyununda iki İngiltərə klubu "Arsenal" və "çelsi" üz-üzə gələcək. Yəqin ki, həmin gün özünüzü evinizdəki kimi hiss edərsiniz...

- Bəli, eyni ölkənin iki komandasının Avropa Liqasının finalında görüşməsi hər dəfə baş verən hadisə deyil. Bu il unikal ildi, çempionlar Liqasının finalında da 2 İngiltərə komandası - "Liverpul" və "Tottenhem" qarşılaşacaq.

- Final matçı ilə bağlı proqnozunuz nədi?

- Məncə, oyun heç-heçə nəticələnəcək, əlavə vaxta və penaltilərə qədər uzanacaq. Düşünürəm ki, "Arsenal" bütün potensialı ilə oynasa, qalib gələcək.

- Yəqin ki, həmin gün tribunada olacaqsınız. Maraqlıdı, hansı komandaya azarkeşlik edəcəksiniz?

- üstünlük verdiyim komanda yoxdu, sadəcə, ümid edirəm ki, maraqlı final olar.

- "Arsenal" tərəfi finala vəsiqə qazandığı ilk gündən həlledici oyunun Bakıya salınmasına narazılığını bildirib. Gah uzaq yoldan, gah bilet sayından şikayət etdilər, son olaraq da Henrik Mxitaryanla bağlı narahatlıqlarını dilə gətirdilər. Sizin bu məsələyə münasibətiniz necədi?

- Biletlərin sayından narazılıqlarını başa düşürəm. "Arsenal" böyük klubdu və müntəzəm olaraq ev oyunlarında 59000-dən çox azarkeşləri olur. Lakin düşünmürəm ki, uzaq yol problemdi. Mxitaryanla bağlı mövzuya fikir bildirə bilmərəm.  

- Azərbaycanda yaşayırsınız və ölkəmizdə təşkil edilən bir çox böyük idman tədbirlərinin canlı şahidi olmusunuz. Necə fikirləşirsiniz, Azərbaycan hökumətinin təhlükəsizliklə bağlı hər cür təminatı verdiyi halda "Arsenal" tərəfi niyə oyunçusunu gətirməkdən imtina etdi?

- Düşünürəm ki, onların Azərbaycan barədə və bu ölkənin Avropa Oyunları, "Formula-1" kimi tədbirlərə ev sahibliyi etməsi haqda kifayət qədər məlumatları yoxdu. Əminəm ki, araşdırma aparsaydılar, heç bir problem olmadığını görərdilər.

- Britaniya mətbuatının dayanmadan bu məsələni şişirtməsinə baxmayaraq, siz də daxil olmaqla, bu ölkənin Azərbaycanda fəaliyyət göstərən tanınmış simaları səssiz qalıb. Maraqlıdı, onlara mesajınız nə olar?

- Bakı ziyarət etmək üçün gözəl şəhərdi, çoxlu mədəniyyət və valehedici arxitekturası var. Təhlükəsizlik baxımından dünyadakı ən təhlükəsiz şəhərlərdən biri olduğunu söyləyə bilərəm. Əminəm ki, tədbir ölkə üçün böyük uğur olacaq.

 

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest