Bakıda keçiriləcək UEFA Avropa Liqasının final görüşünün iştirakçıları "Arsenal"la "çelsi" onlara ayrılmış biletlərin bir qismindən imtina etmək istəyirlər. Matc.az saytının məlumatına görə, bu barədə "The Times" nəşri xəbər yayıb.

Bildirilib ki, hər komanda üçün 5800 bilet ayrılsa da, finalçılar uyğun olaraq cəmi 3000 və 2500 bilet sata biliblər. Yerdə qalan 6000-ə yaxın biletin geri qaytarılması istisna olunmur. UEFA hər komandaya matçın keçiriləcəyi stadionun tutumunun 10%-i qədər bilet ayırmışdı ki, bu da Bakı Beynəlxalq Hava Limanının tutumu ilə əlaqədar verilmiş qərar idi.

Hətta UEFA-nın sponsorlar üçün ayırdığı 2000 bilet də anoloji problemə görə qaytarıla bilər. Əsas problemlər kimi isə aviareyslərin məhdudiyyətli olması, biletlərin bahalılığı, uçuşun vaxtı, viza prosedurlarının uzanması və qarşılaşmanın gec başlaması (yer vaxtla saat 23:00-da) qabardılır.

Finalçıların və sponsorların qaytardığı biletlər isə yenidən satışa çıxarılacaq və yerli fanatlar onları əldə edə biləcək. Hazırda isə Azərbaycanda 23 min bilet satılıb. Yeni satışa çıxarılacaq biletlərə nə dərəcədə tələbat olacağı isə maraqla gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest