"Qəbələ" tarixində ilk titulu qazandı. Təbii ki, ölkə kubokunu qazanmağı 2 dəfə Avropa Liqasının qrupuna yüksəlməklə, həm də "Lill" və  "Panatinaikos" kimi rəqibləri keçib düşməklə müqayisə etmək olmaz. Amma istənilən halda, bu da bir tarixdi.

"Qəbələ" bundan sonra heyətini daha da gücləndirib çempion olmağı, avroliqada artıq qrupu deyil, pley-off mərhələsini hədəfləyəcək heyət qurmağın planlarını cızmalı idi...

Amma görünən budu  ki, "Qəbələ" strategiyasını dəyişərək yalnız öz yetirmələri ilə çıxış edəcək. Artıq "Sumqayıt"da icarədə olan Yusif Nəbiyev və ülvi İsgəndərov komandaya dönüb. Yəqin ki, başqa klublarda olan "Qəbələ" akademiyasının bir çox yetirməsi də geri qayıdacaq. Bu heyətlə avrokuboklarda və daxili yarışlarda gözlənilən zəif nəticələrlə yanaşı, sözsüz ki, milli komandamız üçün yeni namizədlər peyda olacaq. Yəni, klub futbolumuz zəifləsə də, "Qəbələ" millilər üçün daha çox futbolçu verəcək. Uzun sözün qısası, "Qəbələ" futbolumuza fayda verməkdə davam edəcək.

"Qəbələ"ni bu yerə gətirən peşəkar kadrlar var. Bəzi klublardan fərqli, əyalət təmsilçisində geniş ştat yoxdu. Məsələn, "Qəbələ"də "Neftçi"dən ən azı 10 dəfə az əməkdaş çalışır!  Amma gördükləri iş göz qabağındadı və "flaqman"nın onlarla  əməkdaşları ilə müqayisəedilməz dərəcədə effektli və effektivdi. Təsadüfi deyil ki, "Neftçi"nin son illərdə ən yaxşı transferi Baqali Dabo da "Qəbələ"dəki peşəkarların tapıntısıdı.

İndi "ağ-qaralar" daha bir transfer gerçəkləşdirir. Stiven Monrozun da bakılıların heyətində uğurlu olacağı şübhə doğurmur. çünki, keyfiyyət baxımından "Neftçi"dəki "otxod" legionerlərlə müqayisəedilməz dərəcədə yaxşıdı. "Qəbələ" legionerlərin hamısı ilə vidalaşsa, onlardan daha bir neçəsi "Neftçi" üçün göydəndüşmə olacaq. Məsələn, bakılıların heyətində uzun illərdi Stankoviç kimi mərkəz müdafiəçisi yoxdu. Bezotosnı da "Neftçi"nin qapı xəttinə güvən gətirər...

Amma "Qəbələ"nin hədəfləri və iddiaları əvvəlkitək qalsaydı, bu legionerlər gedər və əvəzinə daha güclüləri gələrdi. Qay getdi,  Kvekveskeri gəldi, Subotiç getdi, Dabo gəldi, Zenyov getdi, Monroz gəldi... Siyahını çox uzatmaq olar. "Qəbələ"nin idarəçiləri avrokubok pley-offu hədəfləyəcək və bu işi bacaracaq potensialdadı. Hərtərəfli peşəkar klub formalaşıb. Seleksiya işinə, konveyerə çevrilmiş akademiyaya, azarkeşləri polislərin əlindən şəxsən alan Fariz Nəcəfov kimi prezidentə, Tale Heydərov kimi səviyyəli sponsora elə həmin adını çəkdiyimiz "Neftçi" başda olmaqla bir çox klubumuzun ehtiyacı var. Kaş, "Qəbələ"dən "Neftçi"yə köç yalnız futbolçularla bitməyə...

Peşəkar idarəçilərdən ibarət komandanı da "flaqman"a gətirə bilsələr, heç şübhəsiz, tezliklə ölkəmizin ən qocaman futbol klubunun üzünə gün doğar, azarkeşlər illərdi həsrətlə gözlədiyi sevincli anları yaşayar.

Biz isə gözləyək, görək "Neftçi"nin təsisçilərinin, sponsorlarının ağlı Kamran Quliyev kimi "əvəzedilməz kadr"dan o tərəfə gedib çıxırmı... çıxmasa, heç olmaya "Qəbələ"dəki gənc kadrları dəvət edib, Kamran müəllimə "master-klass" keçməsinə şərait yaratmalıdılar.

Görünən budu ki, cari mövsüm "kasıb" "Sumqayıt"ın 32 yaşlı prezidenti Riad Rəfiyevin Kamran Quliyevə keçdiyi "master-klass"lar o qədər də faydalı olmayıb. Əks təqdirdə, prezidenti olduğu klubun akademiyasına rəhbər gətirdiyi ingilis Mik Bennet həmyerlilərinin Avropa Liqasının Bakıdakı finalı ilə bağlı sərsəmləmələrinə yalnız matc.az müraciət edəndən sonra reaksiya verməzdi. Reaksiyası da bu oldu ki, Mxitaryan haqda heç nə danışa bilmərəm. Bakı haqda isə sanki, candərdi, məcburən, xalaxətri qalmasın deyə, 1-2 kəlmə xoş söz qoparda bildik. Əcnəbi gətirəndə də Ali Yavaş, Yuri Syomin, Roman Qriqorçuk kimi həm peşəkar, həm də insanlığı ilə örnək olacaq birilərini gətirəsən, daha Bennet, Bordin kimilərini yox...

Nə isə. Bizə Kamran müəllimə və Nik müəllimə can sağlığı, "Qəbələ"nin gənc və peşəkar kollektivinə isə, böyük əziyyətlə bu yerlərə gətirdikləri klubdan ayrılacaqları təqdirdə layiq olduqları vəzifələrdə çalışmağı arzulamaq qalır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest