Bu mövsüm Premyer Liqada debüt edən "Sabah" klubu dünya futboluna yeniliklər gətirməkdə əvəzsizdi. Adı "Sabah" olsa da, yayda dünənin "qoca" əcnəbilərini yığan Elşad Əhmədovun kollektivi müvəqqəti uğuru ilə öyünə bilər.

çempionatın debütantının mövsümə yaxşı başladıqdan sonra yavaş-yavaş layiq olduğu yerə düşməsi halı bütün ölkələrdə baş verib. Hazırda 4-cü sırada yer alan "Sabah"ın da çox uzağa getməyəcəyini təxmin etmək olar. "Zirə", "Keşlə" və "Sumqayıt"ın "can üstə" olması, "Qəbələ"nin isə mövsümə zəif başlaması hələ ki, debütantın "çörəyinə yağ sürtür". Ancaq təcrübəsiz rəhbərlik və iddiasız baş məşqçinin olduğu kollektivin getdikcə turnir cədvəlinin "zirzəmisinə" yuvarlanacağını proqnozlaşdırmaq olar.

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə zamanı Bakı təmsilçisi anormal addımla böyük klublara "uğura" gedən yolun sirrini göstərib. Komandanın əvəzedici heyəti ilə yoxlama görüşünü izləmək qadağan edilib. "Qapalı oyun" anlayışını ilk dəfə məhz çempionatımızın debütantı sayəsində gördük. "Möhtəşəm" oyunu izləmək istəyən barmaqla sayılacaq qədər futbol azarkeşinə giriş qadağan olunub. Səbəb kimi isə "klub prezidenti belə tapşırıq verib" göstərilib. Prezident Maqsud Adıgözəlovun bu qərarını anlamaq üçün bütün futbol kitablarını oxumaq da kifayət etmir. Görmüşdük ki, yeni yaranmış komanda azarkeş toplamaq üçün müxtəlif layihələr həyata keçirir, onların diqqətini cəlb etməyə çalışır. Ancaq Adıgözəlov ürəyi futbolla döyünən 10-15 nəfəri də belə küsdürür.

Vaxtilə "Xəzər Lənkəran"ın təkcə məşqini yüzlərlə fanat izləyərdi. İndi isə "Sabah" azarkeşə maneə yaratmaq üçün hər yola əl atır. Futbol idarəçilərimizin baxışı bu yöndə dəyişirsə, sabahımız çox "parlaqdı".

Bəlkə Adıgözəlov və Əhmədov "fantastik" taktiki gedişləri, hazırladıqları sürprizləri rəqiblərdən gizləmək üçün bu addımı atıb? "Qarabağ", "Neftçi", "Qəbələ" rəsmilərinin işi-gücü qurtarıb, dünənin komandasından qorxacaq. "Qapalı oyun" adı ilə oyun çıxaran "Sabah" rəhbərliyi müasir futbolu öyrənsə daha yaxşı olar. ötən əsrdən qalma düşüncə ilə gedəcəkləri ən uzaq səfər Qəbələ olacaq. Fikirlərini dəyişməsələr, stadiona buraxmadıqları azarkeşlər bir neçə ildən sonra "Sabah" dünəndə qaldı" deyəcəklər.

Sovetlər dövründə rayonumuzda bir yeməkxana vardı. Onun sahibi Adıgözəl kişi də hərdən Adıgözəlov kimi hərəkət edərdi. Səhərin gözü açılmamış xaş yeməyə gələn müştərilərə ciddi-ciddi, amiranə şəkildə deyərdi ki, eviniz-eşiyiniz yoxdumu, bu soyuqda, sazaqda niyə doyunca yatmırsız?! Müştərilər xaş yemək istədiyini, ona xeyir verdiyini başa salmaq istəsələr də, Adıgözəl kişi sözündən dönmürdü.

İndi "qapalı" oyuna buraxılmayan azarkeşlərə deyən lazım, sizə belə "xaş" çoxmu lazımdı?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest