Sevimli şairimiz Şəhriyar Del Geraninin "Darıxmağın adı" kitabı var. Şəhriyar bu adı, çox güman, "İt kimi darıxmaq" şerinə görə seçib. ümumiyyətlə, şairin sevgi və darıxmaq mövzusunda çox qəşəng şeirləri var.

Mən də eşqdən, məhəbbətdən, sevgidən, ən ülvi hisslərdən bəhs edəcəm. Amma Şəhriyardan fərqli bir azarkeşin futbol üçün darıxmasından...

ötən il Rusiyada keçirilən dünya çempionatından sonra uzun müddət bir boşluq, depressiv vəziyyət yaranmışdı. Bir ay davam edən futbol bayramının bitməsini qəbul etmək çətin idi. Bu hal təkcə məndə müşahidə olunmurdu. Bu haqda söhbət etdiyim hər kəs eyni sözləri deyir, eyni hissləri keçirdiyini təsdiqləyirdi. Lomonosov adına Moskva Dövlət Universitetinin həyətində quraşdırılan FİFA FAN FEST-in sökülməsinə bir neçə gün qalmış hər gün gedirdim. İmkan daxilində rəsmi fan-şopdan suvenirlər alır, FAN FEST-in ərazisini gəzib qəribsəyirdim. 

...Artıq Dç bitmiş, nəhəng ekranlar yığışdırılmış, onminlərlə insanın doldurduğu ərazi boşalmış, 7-dən 77-yə hamı üçün nəzərdə tutulan əyləncəli oyunlar bitmişdi. Fan Fest sökülənə kimi hər gün getdim. Söküntüləri götürüb xatirə kimi saxlamaq da keçirdi ağlımdan. Amma istəməyə utanırdım. Ən azı talisman Zabivaka əks olunan bilbordu-filan götürəydim kaş... 

Fan Fest söküldü. Mən isə yenə hər gün gedirdim... Həm Moskva Dövlət Universitetini, həm "Lujniki"ni, həm "Moskva Siti" qüllələrini, həm Moskva çayı ilə hərəkət edən gəmiləri, həm Qorki parkını birləşdirən əsrarəngiz mənzərəli "Vorobyevı Qorı"dan - Moskvanın ən gözəl məkanlarından birindən sevimli şəhərimi seyr edib, darıxırdım... çünki artıq FİFA Fan Fest yox idi, "Lujniki" "yetim qalmışdı", Kosıgin küçəsi ilə irəliləyən insan seli, müxtəlif ölkələrin formalarının, milli geyimlərinin maskaradı gözə dəymirdi.

Moskva kimi meqapolisdə Gədəbəy kimi əyalətdə səssizlikdən, sakitlikdən darıxdığım kimi darıxırdım. Artıq İsveç, İslandiya, Kolumbiya gözəlləri, iranlı dostlar, Gilyerme Oçoanın meneceri və hər mənada gözəl insan olan rəfiqəsi, Dç sayəsində tanış olduğum bir çox maraqlı personajlar məmləkətlərinə dönmüşdü. Artıq Dç-2018 bir tarixə çevrilmişdi. Oğlum Emilin Fan Festdə dünyaşöhrətli "Marka" qəzetinin televiziyasına çəkildiyi kadrlar və suvernirlər bu Dç-dən əbədi xatirə olaraq qalacaqdı. Dç 2018-in tarixdə qalması ilə barışmaq lazım idi...

Bu dəfə Rusiyadakı qədər uzun olmasa da, Bakıda da bir neçə gün futbol bayramı yaşandı. Hər şey çox gözəl oldu və paytaxtımız, ölkəmiz adına daha bir qələbə qazandıq. Amma bitməsini istəmədiyimiz bu bayrama görə depressiyaya düşməyə dəyməz. çünki gələn il Avropa çempionatının final mərhələsi var və təbii ki, o bayram miqyasına görə daha böyük olacaq, daha uzun çəkəcək və biz Əlahəzrət Futbolun insanlara bəxş etdiyi gözəllikdən, dostluqdan daha çox zövq alacağıq, daha çox sevinəcəyik. Ona görə də çox duyğulanmağa dəyməz. Əlvida, Bakı-2019, xoş gəlirsən, yolunu səbirsizliklə gözləyirik, Bakı-2020! 

Avropa Liqasının finalına görə isə təşəkkürlər Azərbaycan, təşəkkürlər Bakı!

Futbol+ qəzeti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest