"Azərbaycan və Uelslə oyunlarda 6 xal toplayacağımıza zəmanət verə bilmərəm. Futbolda sabah nə olacağını bilmək mümkün deyil. Ancaq söz verirəm ki, hər iki görüşdən qalib ayrılmaq üçün əlimizdən gələni edəcəyik".

Matc.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib. AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Azərbaycan millisinin qonağı olacaq macarlar bundan 3 gün sonra Uelsi qəbul edəcəklər.

Yerli mətbuata müsahibə verən italiyalı mütəxəssis Bakıya ilk səfərinin yaddaqalan olması arzusundadı: "Futbolda hər şey ola bilər. Bu, özünə güvənərək meydana çıxmaqdan asılıdı. Bakıya ilk dəfə yollanacam. İlk səfərimin yaddaqalan, yəni zəfərlə olmasını istəyirəm. Ancaq hava şəraiti, temperatur və rütubətin yüksək olması işimizi çətinləşdirir. Azərbaycanlılar buna öyrəşiblər. Ona görə sevinirəm ki, iki gün öncədən səfərə çıxacağıq və uyğunlaşmaq üçün bir az vaxtımız olacaq. Azərbaycana inam, intizam, təşkilatlanmış oyun və 2 qol sayəsində qələbə qazana bilərik. Əlbəttə ki, bunlar ən az lazım olan şərtlərdi. Əvvəldən sona qədər mübarizə aparacağıq. Ehtiraslı insanam. Hədəf gözümüzün önündədi və bunun üçün hə şeyi qurban verməyə dəyər. Heç bir matçda rəqibin bizdən daha çox qələbə arzulamasına icazə verməməliyik".

Rossi qarşıdakı iki oyunla bağlı hədəflərini də deyib: "Həm Azərbaycan, həm də Uelslə görüşə hazırıq. Bu qarşılaşmalarda minimum 4 xal qazanmağı hədəfləmişik. Hələ Xorvatiya üzərindəki qələbədən sonra demişdim ki, bizim üçün ən vacib oyun Azərbaycana qarşı olacaq".

55 yaşlı mütəxəssis yığmada ab-havanın ürəyincə olduğunu söyləyib: "Xorvatiya ilə oyun zamanı və ondan sonrakı atmosfer gözəl idi. Bura gələrkən məqsədim müsbət nəticələrlə azarkeşlərin milliyə sevgisini qaytarmaq idi. Artıq hiss edirəm ki, yığma ətrafında atmosfer tamam dəyişib, insanlar yenidən komandaya inanırlar. Qarşılıqlı hörmət ilk gündən var idi. Tədricən inam da artmağa başladı".

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest