"Neftçi" rəhbərliyinin qış fasiləsində aldığı "bomba"lardan biri "əlində partlayıb". Matc.az saytının məlumatına görə, "ağ-qaralar" italiyalı futbolçu Canluka Sansonedən canını qurtarmaq istəyir.

Fevralda heyətə cəlb edilən, amma heç cür ondan gözləniləni verməyən italiyalını komandadan göndərmək istəyən rəhbərlik bunun üçün çıxış yolları axtarır. 

Klubla daha bir il müqaviləsi qalan Sansone öz xoşuna getmək niyyətində deyil. Aylıq maaşı 10 min avro civarında olan futbolçu ilə müqaviləni birtərəfli pozmaq isə baha başa gəlir. Görünür, yeni mövsüm üçün hücumçudan ümidini üzən "Neftçi" alternativ variantlardan yararlanmaq fikrindədi.

Nəzərdə tutulan çıxış yollarından biri də oyunçunu icarəyə verməkdi. Bunun üçün hətta onun maaşının müəyyən hissəsini klub özü ödəmək niyyətindədi. Artıq bu yöndə əməli fəaliyyətə də başlanıb.

Belə ki, "Neftçi" rəhbərliyi Sansoneni "Qarabağ" istisna olmaqla, Premyer Liqada çıxış edən bütün klublara təklif edib. Oyunçunun maaşının böyük hissənin ödənişinə razı olan "ağ-qaralar" hər vəchlə onun özündən uzaqlaşdırmağa çalışırlar. Amma hələlik heç kim Sansoneyə yaxın durmur.

Premyer Liqanın ikinci yarısında komandaya qoşulan 32 yaşlı forvard meydana çıxdığı 11 oyunda 654 dəqiqə şans qazanıb və cəmi 2 qola imza atıb. Bu isə  bombardir, qolçu adı ilə alınan futbolçu üçün olduqca zəif məhsuldarlıq göstəricisidi.

Xatırladaq ki, Kamran Quliyevin "Neftçi"yə prezidenti postuna gəlişindən sonra transfer edilən bir çox legioner - Braliç, Karikari, Paratski, Raku və s. sonradan komandadan göndərilib. Ziyan isə klubun büdcəsinə dəyir. Heç bir fayda verməyən "supertransferlər" adətən təzminat ödənilərək yola salınır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest