"Neftçi"yə qayıtması an məsələsi olan Dario Frederiko əvvəlki formasından çox uzaqdı. Matc.az saytının məlumatına görə, braziliyalı futbolçu "flaqman"dan getdikdən bəri son 6 ayda Cənubi Koreya təmsilçisi "Daequ"un ehtiyat oyunçular skamyasında "çürüyüb".

Təsadüfi deyil ki, 28 yaşlı vinger bu müddət ərzində cəmi 5 görüşdə meydana çıxıb. Bunun yalnız 1-də start heyətində yer alan Dario fasilədən dərhal sonra əvəzlənib. Digər 4 qarşılaşmada sonradan mübarizəyə qoşulub və ümumilikdə 118 dəqiqə "Daequ"nun formasını geyinib.

Hətta "Daequ"nun baş məşqçisinin braziliyalı olması da Darioya kömək etməyib.

Sabiq "Kəpəz"linin "Neftçi"yə dönməsi heç də bu komandanı sevməsindən irəli gəlmir. Məsələ burasındadı ki, "Daequ"da "sınan" futbolçu üçün artıq komandanın adı, hədəfi maraqlı deyildi. Onu yalnız pullu kluba keçmək düşündürürdü. Hətta "sambaçı" özünü başqa bir klubumuza da təklif etmişdi. Ancaq ilin əvvəlində məhz pula görə Cənubi Koreyaya yollanan oyunçu yenə "Neftçi"yə lazım olub. Bakılıların sərfəli təklifini onun üçün göydəndüşmə saymaq olar.

Maraqlıdı, Azərbaycan çempionatında hədəfinə çata bilməyən "Neftçi" Dario kimi oyun praktikasından əziyyət çəkən futbolçu ilə Avropa Liqasında nəyə ümid edir? Hər halda, onun formaya düşməsi üçün ən azı bir neçə ay vaxt lazımdı. Ancaq "Neftçi" kimi iddialı komandanın bunu gözləmək limiti olmamalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest