AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində milli komandamız doğma meydanda Macarıstanla qarşılaşıb. Matc.az saytının məlumatına görə, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna gərgin və həyəcanlı başlayan yığmamız start həyəcanını üstündən atmağa imkan tapmamış qapısında qol gördü. 18-ci dəqiqədə Balaş Cucakın künc zərbəsindən ötürdüyü topu müdafiəçilərimizin gözündən oğurlanan Orban başla qapıdan keçirdi. Bu epizodda azərbaycanlı oyunçular sadəcə Orbanın qısa məsafə qaçışını və zərbəsini izləməklə kifayətləndilər.

İlk hissə bu hesabla başa çatdı. İkinci yarı da birincinin oxşarı kimi start götürdü. Startdan 8 dəqiqə sonra yenə Cucakın küncdən ötürməsi və Orbanın zərbəsi qapımızda qolla nəticələndi.

Mahir Emrelinin 69-cu dəqiqədə vurduğu qol azarkeşlərimizdə ümid yaratsa da, cəmi iki dəqiqə sonra Holman bütün suallara aydınlıq gətirdi – 1:3.

Baş məşqçi Nikola Yurçeviçin hücum futbolu istəyi müsbət məqam kimi vurğulansa da, mütəxəssisin komandanı hələ tam olaraq tanımaması və əlindəki futbolçuların potensialına bələd olmaması istər start heyəti seçimində, istərsə də əvəzetmələr zamanı oyuna müdaxiləyə gecikməsində böyük rol oynadı.

Səlahət Ağayev – 3 qola rəğmən çıxışını yaxşı qiymətləndirmək olar. Qol epizodlarında səhvləri yox idi. Bundan əlavə, bir neçə epizodda komandamızı real qoldan xilas etdi. Xüsusilə, oyunun 51-ci dəqiqəsində Cucakın cərimə zərbəsi və epizodun davamında Adam Szalainin zərbəsinə verdiyi reaksiya alqışlarla qarşılandı.

Maksim Medvedev – Kapitan meydanda ən zəiflərdən biri idi. Cinahında rəqibi qarşılaya bilməməklə yanaşı, hücuma çıxışlarda da səhvlərə yol verirdi. “Qarabağ”dan komanda yoldaşı Mahir Emreli ilə anlaşmasının yüksək səviyyədə olacağı gözlənilsə də, ötürmələr zamanı top itkiləri “göz oxşayır”dı. Macarıstanın birinci qolunda da Maksimin səhvi diqqət çəkdi. Orbanın irəli doğru şığımasına mane ola bilməyən Medvedev qolu da sadəcə izləməklə kifayətləndi.

Rahil Məmmədov – Oyun təcrübəsinin azlığı özünü bariz şəkildə göstərirdi. “Qarabağ”da 37 yaşlı Rəşad Sadıqovun kölgəsində qalan Rahil müdafiədəki xaosa əngəl ola bilmədi. Hər üç qolda mövqe səhvi açıq-aşkar göründü. Oyunboyu bir neçə epizodda topu uzaqlaşdırarkən ehtiyatsız davranışı az qala hesabı faciəvi həddə çatdıracaqdı.

Bədavi Hüseynov – Bundan öncəki Xorvatiya ilə görüşün ən yaxşılarından biri olan Hüseynov bu dəfə bütün komanda ilə birlikdə zəif görünürdü. Ətrafındakı 6 oyunçudan 4-nün “Qarabağ”dan komanda yoldaşı olmasına baxmayaraq, meydanda anlaşma səviyyəsi çox aşağı idi. Xüsusilə, 3-cü qolda müdafiədə verilən boşluq onunda bərabər bütün komandanın passivinə yazılmalıdır.

Anton Krivotsyuk – Meydana start heyətində başlaması gözlənilməz olduğu qədər həm də uğursuz qərar idi. Komandamızın sol cinahı rəqib üçün “açıq qapı” təəssüratı bağışlayırdı. Anton müdafiə planındakı zəif çıxışla yanaşı hücum anlamında da kəsərsiz idi.

Qara Qarayev – Oyunda qara işi görməli olan Qarayevin vəzifəsinin öhdəsindən gəldiyini demək olmaz. İlk hissədə rəqib hücumlarını vaxtında qarşılaya bilməməsi əksər hallarda axınların cərimə meydançamıza qədər davam etməsinə səbəb olurdu. Hücum qurmaq anlamında da kəsərsiz olan Qara daha çox geriyə ötürmələr edərək vəziyyəti nəzarətdə saxlamağa çalışırdı.

Dmitri Nazarov – Dəfələrlə sübut olunub ki, legioner futbolçu özünü cinahda daha rahat hiss edir. Amma ara-sıra məşqçilər Nazarovu mərkəz və ya dayaq yarımmüdafiəçisi kimi sınamaq qərarına gəlirlər ki, hər dəfəsində Dima ona bəslənən ümidləri doğrultmur. Macarıstanla oyun da istisna olmadı. Topla çox davranan, hücumları ləngidən futbolçu ümumi topla oynama faizindən başqa komandaya bir xeyir vermədi. Yurçeviçin ona 86 dəqiqə səbr etməsi təəccübə səbəb oldu. Bir epizodda uyğun vəziyyətdə olmasına baxmayaraq, qapıya zərbəsi dəqiq olmadı.

Riçard Almeyda – Mərkəzdə fərdi olaraq nəsə etməyə çalışan braziliyalı legionerin canfəşanlığı da komandamızı xilas etməyə yetmədi. Yeganə qolda Ağabala Ramazanova verdiyi “açar” ara ötürməsi alqışlanmalıdır. Bir neçə epizodda oyunu üzərinə götürməyə çalışsa da, həlledici məqamda komanda yoldaşlarının onu anlamaması fikirlərin inkişaf etməmiş boğulmasına səbəb oldu.

Ramil Şeydayev – Üçlü hücum xəttinin solunda oynayan gənc forvard ondan gözlənilənləri verə bilmədi. Mövqeyinə yad olduğu hiss olunan Ramil bir neçə epizodda zərbə vurmağa da gecikdi. Komandanın ən zəiflərindən biri idi.

Renat Dadaşov – “Eştoril”də oyun praktikası sarıdan o qədər də uğurlu mövsüm keçirməyən gənc hücumçunun start heyətdə meydana çıxması əsas gözlənilməzliklərdən biri idi. Rəqib müdafiəçilərə heç bir təzyiq yarada bilməyən Dadaşov meydanda olduğu müddətdə ciddi heç nə ilə yadda qalmadı.

Mahir Emreli – Hücumun sağ cinahında oynayan “Qarabağ”lı oyunçu nisbətən fəallığı ilə seçilirdi. Hər nə qədər cinahda komanda yoldaşı Maksim Medvedevlə anlaşması yüksək səviyyədə olmasa da fərdi keçidlər hesabına nəsə etməyə çalışması təqdirəlayiq haldır. Bir neçə epizodda cinahla irəliləyərək topu sol ayağına alıb içəri doğru etdiyi asmalar rəqib müdafiəsində qısamüddətli həyəcana səbəb oldu. Vurduğu qolda isə izləmək bacarığı öz sözünü dedi. Ağabala Ramazanovun zərbəsindən sonra rəqib qapıçıdan dönən topu qapıya yollayan Mahir lazımi məqamda, lazımi yerdə olmağı bacardı.

Ağabala Ramazanov – “Səbail”in hücumçusu oyuna qoşulduqdan sonra komandamızda bir az canlanma yarandı. Ağabala ilk şansında dəqiq zərbə vura bilməsə də, ikinci cəhdi qolla nəticələndi. Məhz onun sürətlə irəli şığımasını görən Almeyda ağıllı ara pası ilə “9 nömrə”ni qapıçı ilə duelə yolladı. İti bucaq altında təhlükəli zərbəni qapıçı çətinliklə dəf etsə də, dönən topu Mahir boş qapıdan keçirə bildi. Qoldan sonra da “təzə qan” kimi meydanda fəal olan Ramazanovun gücü bundan artığına çatmadı.

Araz Abdullayev – Komanda yoldaşı Mahirin yerinə girən Araz bir neçə cinah reydinə cəhd eləsə də, ciddi nəsə ilə yadda qalmadı.

Rüfət Dadaşov – Son 4-5 dəqiqəni meydanda olan böyük Dadaşov da komandaya fayda verə bilmədi.

Zaur XUDİYEV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest