"İki oyun arasında çox qısa vaxt var idi. Macarıstanla oyunun nəticəsi bizi məyus etdi". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib. Yığmamız AVRO-2020-nin seçmə qrup mərhələsinin IV turunda sabah "Bakcell Arena"da Slovakiyanı qəbul edəcək.

Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Komanda ilə söhbət etmişik. çətin oyun olacaq. Slovakiya çox yaxşı, maraqlı komandadı. Aparıcı klublarda çıxış edən böyük oyunçuları var. Buna baxmayaraq, oyun bizim üçün çox önəmlidi. Hər kəs sabahkı görüşü səbirsizliklə gözləyir".

- Uğursuz nəticələrə görə, bir qrup azarkeş AFFA rəhbərliyini oyun zamanı fitə basmağı planlaşdırır. Bu amil oyun zamanı sizə necə təsir edə bilər və bunun qarşısını almaq üçün azarkeşlərə hər hansı bir sözünüz varmı?

- Bu məsələ ilə bağlı çox məlumatım yoxdu. Ancaq onu söz verə bilərəm ki, komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək.

- Macarıstanla matçdan sonra AFFA prezidenti paltardəyişmə otağına daxil oldumu və olubsa, nələr dedi?

- Nə görüş baş tutub, nə də prezident paltardəyişmə otağına daxil olub. Bəlkə bu oyundan sonra görüşüb, son iki matçı təhlil etdik.

- Macarıstanla qarşılaşmadan əvvəlki mətbuat konfransına Qara Qarayev gəlmişdi və günümüz qara olmuşdu. Bu dəfə isə ağbəniz Maksim Medvedev gəlib...

- ümid edirəm ki, müsbət nəticə olacaq. Bizim reytinqimiz dünya sıralamasında 108-cidi. Hər bir komandaya qalib gələ bilərik. Bu suala cavab verməkdə çətinlik çəkirəm. Real olmaq lazımdı. Rəqibdən asılı olmayaraq, hər görüşdə xallar qazanmağa çalışacağıq. Oyunçularım hər zaman meydanda əlindən gələni edir. Bəzən heç-heçə edəcək, bəzən qələbə qazanacağıq. Oyunçularım əllərindən gələni etdikləri zaman onları tənqid edə bilmərəm. Təhlil rəqibdən asılı olaraq dəyişir. Sabahkı oyunla bağlı optimistəm. Qələbə üçün əlimizdən gələni edəcəyik.

- Macarıstanla oyunda səhvlər nələr idi?

- Təhlil apardıq, bəzi epizodlardan razı qaldım. Komandanın topa sahib olması, kombinasiyalı oyun... Lakin kifayət qədər təhlükəli olmadıq. Standart vəziyyətlərə hazırlaşmışdıq, lakin belə epizodlardan qollar buraxdıq.

- Rahil Məmmədov yetərincə təndiq olunmuşdu. Sabah heyətdə hansısa dəyişiklik görə biləcəyik?

- Azərbaycan millisi üçün 3 gün ərzində 2 oyun keçirmək asan deyil. Komanda buna öyrəşməyib. Zədəli oyunçular var. Futbolçuların fiziki durumunu da izləyəcəm. Macarıstana qarşı çətin oyun oldu. Qət edilən məsafə baxımından heç də geri qalmadıq. Sadəcə, nəticədə geri qaldıq.

- Hər dəfə döyüşmək ifadəsini işlədirsiniz. Azarkeşlərə isə futbol oynamaq lazımdı. Futbol nə vaxt olacaq?

- Artıq 40 ildi futbolun içindəyəm. Hər kəs mübarizə aparan oyunçuları sevir. Razıyam, futbol oynamaq da önəmlidi. Ancaq həqiqət budu ki, futbol oyununda siz tək deyilsiniz, rəqib də var. Rəqibin güclü olması işinizi daha da çətinləşdirir.

- Yığma üzvləri lazımi anda niyə qapıya zərbə vurmurlar? Bu sizin tapşırığınızdı?

- Bu, taktiki tapşırıq deyil. Daha çox tənqid olunan məqamlardan biri də bu idi. Oyunçularımız məşqlərdə çox zərbə vururlar, amma oyunda bunu izləyə bilmirik. Futbolçularımızın rəqibin cərimə meydanında təhlükəli olmasını istəyirik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest