Azərbaycan və futbol. Dərsliklərə bir-birinin antonimi kimi yazılmalıdı. Ki, gələcək nəsillər bizim keçirdiyimiz əsəbi, stressi yaşamasınlar, reallığı olduğu kimi qəbul eləsinlər.

Axı niyə qəbul edə bilmirik ki, Azərbaycanda futbolçu yoxdu? Bəlkə var, illərdi biz görmürük? Həqiqətən də, bizimkilər futbolçudursa, Slovakiyanın Hamşiki, Macarıstanın Dzudzakı, Xorvatiyanın Modriçi hansı peşənin sahibidi? Əslində isə reallıq bunun tam əksidi. Bəli, onlar futbolçudu, özü də işinin əhli olanından. Amma bizimkilər...

"Futbolçuyam", deyib sağda-solda sinəsini irəli verib gəzən, qohum-əqrəba, dost-tanış içində "hava atan" məhəllə topçularına "futbolçu" deməyə adamın dili, yazmağa əli gəlmir. Bəzən layiq olmadıqları halda "premiya" alan bu topçular, görəsən qazandıqları aylıq maaşı həkimin, müəllimin 2-3 ildə görmədiyini bilirlərmi? Halbuki, bu topçu yığını nə müəllimin, nə də həkimin kəsib atdığı dırnağı ola bilər. Yurçeviç deyir ki, bizimkilərin ümumi qiyməti bir Lobotka qədər deyil. Əslində, bizimkilər bir qəpik etməzlər.

İnciməsinlər, amma normal top qəbul edə bilməyənlərə, 2-3 ötürmədən sonra özünü itirənlərə, məhəllə oyunlarındakı kimi uşaq qolları buraxanlara "futbolçu" deyə bilmərəm. Desəm, əsl futbolçulara hörmətsizlik etmiş olaram.

Yığma komanda ölkə futbolunun güzgüsüdü. Təəssüf ki, bizim yığmanın güzgüsünə baxanda zülmət qaranlıqdan başqa heç nə görünmür.

Rəqibin kimi futbol oynaya bilmirsənsə, topla oynamaq bacarığın aşağıdısa, bir yolun qalır: savaşmaq. Bunun müasir futbolda xeyrini çoxları görüb. çox keçmişə getməyək. 4-5 gün əvvəl Türkiyə Fransanı necə məğlub etdi? Türklər son dünya çempionundan daha bacarıqlıdılarmı? Əlbəttə ki, xeyr. Elə tək Mbappe bütün Türkiyə yığmasından bahadı. Amma həmin dünya çempionu Konyada diz çökdü. Türklər bunu ölkə adına, bayrağı, gerbi naminə savaşaraq bacardılar. Bəs bizdə niyə bu əjdahalardan yoxdu?

Əgər meydanda olan 11 nəfərdən yarıdan çoxu ölkə himnini bilmirsə, geyindiyi formanın rənglərinin mənasını, daşıdığı gerbin dəyərini dərk etmirsə, hansı fədakarlıq, döyüşkənlik tələb etmək olar? Deməyin ki, bu milli dəyərlərin futbola nə aidiyyəti? Əgər söhbət milli komandadan gedirsə, elə hər şey burdan başlayır. çox yox, Ramil Şeydayev qədər can yandırsalar, onda olan abır-həya digərlərinə də sirayət etsə, "futbolçu olmasaq da, kişi kimi vuruşduq" deməyə üzləri olar.

Vallah, biz jurnalistlər qəhrəmanıq. Axı kim olmayan bir şeyi canlandıra bilər? Yalnız idman jurnalistləri. Olmayan futbolumuzdan yazmaq, olmayan futbolçumuzdan müsahibə almaq. Bunu bacarmaq igidlikdi.

İgid demişkən, deyir, bir igid qırx ildə meydana gələr. Bəs bu ölkə bir futbolçunun üzə çıxması üçün daha neçə il gözləməlidi? Halbuki, normal komanda görməyimiz üçün 1 yox, 11 milli futbolçuya ehtiyacımız var. Onu da gördüm deyənə eşq olsun...

Ruslan SADIQOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest