Kamran Quliyev azerisport.com saytına müsahibə verib. Ona layiq olmadığı etimadı göstərib, bu cür sanballı vəzifə verən insanların gözündən düşən "Neftçi" prezidenti,  deyəsən uğursuz mövsümdən sonra xilas yolunu korladığı münasibətləri bərpa etməkdə görür. Belə olmasaydı yeri gəldi-gəlmədi hər sözündə kimlərəsə gizli şəkildə yarınmazdı.

Heç kimə sirr deyil ki, cənab prezident İlham Əliyev uzun illərdi bütün idman növlərinə olduğu kimi, futbolumuzun da inkişafı üçün hər bir şəraitin yaradılmasını təmin edib. Təəssüf ki, futbolumuzdakı bəzi rəhbərlər bunu dərk etmir və dərk etmək istəmir. Bu haqda bir kəlmə də danışmayan "Neftçi" prezidenti əksinə, beynəlxalq arenalarda ölkəmizin adını layiqincə yüksəltmək üçün dövlətdən hər cür dəstək görən klublarımızın bostanına daş ataraq, onları sosial layihəyə bənzədib.

Əslində isə son illərin ən böyük büdcəsinə baxmayaraq, nə daxili, nə beynəlxalq arenada uğur qazana bilməyən, may ayına çempionluq və kubokla yanaşı yeni baza, yeni klub televiziyası söz verən, sonda isə heç bir sözünü tutmayan Kamran Quliyevin özü haqda eyni fikri yürütmək olar.

Kamran müəllim fürsətdən istifadə edib özünü tərifləməyə də imkan tapıb.

- Bizim məqsədimiz milliyə futbolçu yetişdirməkdi. Ona görə də harda işləmişəmsə, uşaq futboluna güc vermişəm. Bilirəm ki, "Neftçi"nin əsas komandası uğur qazanmasa, böyük təzyiq altında olacam. Buna baxmayaraq, əsas komandada maliyyə gərəkən məsələ olanda çox düşünürəm. Uşaq komandaları ilə bağlı isə bütün təklif və fikirlərə açığam. Biz akademiyamızın hər bir üzvünə diqqət ayırırıq, onların tərəqqisi üçün hər cür şərait yaratmağa çalışırıq. Növbəti mövsüm onlar yeni meydançalarda məşq edəcəklər. Biz onları nüfuzlu turnirlərə göndərəcəyik. Bundan başqa, biz onların milli ruhu ilə "işləyəcəyik" ki, milli formanın hər adama qismət olmadığını anlasınlar. Əgər səni seçiblərsə, sən bütün milləti təmsil edirsən.

Gəlişi gözəl bu sözləri oxuyanda adamın gözləri yaşarır. Həqiqətən yaxşı deyilib, yazılıb, hazırlanıb, pafos aşıb-daşır. Amma bu cümlələrdə zərrə qədər həqiqət və səmimiyyət varsa…

Heç kimə sirr deyil ki, "Qarabağ"ın çempionlar Liqasının qrupuna yüksəlməsi sayəsində "Neftçi"yə UEFA-dan gələn küllü miqdarda vəsait təyinatı üzrə xərclənməyib. Əsas komandaya pul xərcləyəndə "yüz öçüb, bir biçən" başkan Raku, Sansone, Braliç, Paratski, Karikari, Rəşad Eyubov və bu gün alınıb sabah təzminat ödənib yola salınan başqa mənasız transferlərlə klubu nə qədər "qabağa salıb" bilmirik. Amma "Neftçi" futbol akademiyasını bərbad vəziyyətə gətirdiyi dəqiqdi.

Şəkildə gördüyünüz bu oğlan Mehman Məsimovdu. Futbolumuzun ən böyük istedadlarından biri zədəyə görə klubun hesabına əməliyyat olunub. Bu Kamran Quliyev gələnəcən baş verib.  Kamran Quliyevin gəlişindən sonrasa Məsimovun tam sağalmaq üçün keçməli olduğu reabilitasiya prosesinə  rəhbərlik və həkimlər tərəfindən laqeyd münasibətə görə peşəkar karyerasını başlamamış bitirməyə qərar verib. Görünür, Kamran müəllim "akademiyanın hər bir üzvünə xüsusi diqqət ayırırıq, onların tərəqqisi üçün hər cür şərait yaratmağa çalışırıq" deyəndə bunu nəzərdə tuturmuş.

Qeyd edək ki, Mehmanın yalnız anası var və o da ağır xəstəlikdən əziyyət çəkir. Ailənin maddi durumu ürəkaçan olmadığından Məsimov "Neftçi"də aldığı zədəni özü tam müalicə etdirməyə vəsait tapa bilməyib.

Quliyevin müsahibədə vurğuladığı "xüsusi diqqəti" "Neftçi"nin əvəzedici komandasının ötən mövsüm bombardiri olmuş U-21-in üzvü, bir başqa istedad Qədir Bayramovu da dabanına tüpürüb qaçmağa məcbur edib. "Keşlə" olmasa, bəlkə də Qadir də karyerasını bitirmişdi. Tərlan Əhmədov artıq gənc yetənəyi əsas komandaya cəlb edib.

Bu komandada Kamran Quliyevin gəlişindən sonra "Neftçi"ni tərk edən daha iki gənc və istedadlı milli futbolçu – Cavidan Qasımlı və Orxan Fərəcov da çıxış edir. Sonuncu artıq Premyer Liqada debütə də imkan tapıb. Yaxşı ki, Kamran Quliyevdən fərqli, özünü reklam etməyi sevməyən Zaur Axundov bu gənc istedadlara sahib çıxıb.

Eyni sözləri "Sabah" klubunun rəhbərliyi haqda da demək olar. ölkəmizin ən qocaman futbol klubu "Neftçi"dən fərqli, Premyer Liqanın debütantı həqiqətən də adına uyğun olaraq sabahımızı düşünür. Bu mövsüm "Neftçi" futbolumuza bir nəfər yeni ad qazandırmasa da, "Sabah"ın heyətində çempionatda debüt edən bir neçə gənc oldu. Aldığımız məlumata görə, böyük istedad Mehman Məsimovu da yaxşı tanıyan "Sabah" klubunun rəhbərliyi onu yenidən futbolumuza qazandırmaq  istəyir. Hətta, onu futbolçu əməliyyatlarında ixtisaslaşmayan "Semaşko"da əməliyyat masasına uzadan "Neftçi"dən fərqli, xarici ölkələrdən birində yenidən ciddi həkim nəzarətindən keçirib, lazım gəlsə yenidən əməliyyat və müalicə etdirib, tam sağaldığına əmin olduqdan sonra əsas heyətə qaytarmaq fikrindədilər.

Eyni sözləri, bu mövsüm Premyer Liqaya bir neçə ad bəxş edən "Sumqayıt" haqda da demək olar. Bu klubun rəhbərliyi də uşaq və gənclərə sözdə yox əməldə xüsusi diqqət ayırır. Moskvada yaşayan Mehman Məsimovu gələn mövsüm "Sabah", "Sumqayıt", "Keşlə" və ya futbolumuzun gələcəyini düşünən hansısa başqa klubumuzun heyətində görsək təəccüblənməyəcəyik. "Neftçi"nin itirdiyi bu böyük istedadı futbolumuz üçün çalışan insanlar yenidən ölkəmizə qazandıracaqlar.

Futbola, ölkəyə xidmət belə olur, Kamran müəllim! Müsahibələrdə nağıl danışmaqla, dövlətdən gələn pulu hara gəldi dağıtmaqla yox!

Gerisini isə oxucular desin, kimdir sosial layihə?!

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest