"Hələ oyundan əvvəl demişdim ki, "Qarabağ" güclü komandadı. İndi də bunu təsdiqləyirəm ki, "Qarabağ"ın səviyyəsi çox yüksəkdi". Matç.az saytının məlumatına görə, bunu "Vorskla"nın baş məşqçisi Vasili Saçko deyib.

Ukrayna klubu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı Bakı Olimpiya Stadionunda məğlub edərək, ilk xallarını qazanıb – 1:0.

Oyunsonrası mətbuat konfransında Saçkonun qələbə şərhi belə olub: "İlk hissədə müəyyən çətinliklər yaşadıq. Xüsusən də, müdafiədən hücuma keçməklə bağlı. Amma bu gün bizim üçün əsas məqsəd nəticə qazanmaq idi".
 

- "Vorskla" həmişə belə çıxış edir, yoxsa bu gün oyununuz alınmadı?
- Oyunun keyfiyyəti üzərində işləməliyik. Bizim hücumçularımız texniki baxımdan rəqibdən geri qalmırdı. İlk hissədə oyunumuz yaxşı alınmırdı. Hər şey istədiyimiz kimi alınmadı. Amma şansımızı gözlədik və qol vurduq. Artıq ikinci hissədə sürətli əks-hücumlar edirdik. "Qarabağ"ın da qol imkanı oldu. Komandama görə şadam. Bura istirahət etməyə gəlməmişdik. "Sportinq"lə görüşü yüksək səviyyədə keçirdik. Cəmi 3 dəqiqə zəif oynadıq və məğlub olduq. Poltavadan bura gəlib bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. "Qarabağ"a da arzulayıram ki, bunu unudub, qarşıdakı oyunlara yaxşı hazırlaşsın.

- "Sportinq"ə əlavə dəqiqələrdə qollar buraxaraq uduzdunuz. Bu gün də eyni durumla üzləşəcəyinizdən narahat deyildiniz? Yoxsa "Qarabağ"da bu gücü görmürdünüz?
- "Sportinq" çox güclü komandadı. "Qarabağ" da həmçinin güclüdü və bunu neçə ildi göstərir. Bu komandaları müqayisə etmək istəməzdim. Hərəsinin özünəməxsus futbolçuları var. Bu gün 18 yaşlı oyunçuya şans verdim. Heyətdə eksperiment apararaq, risk etdim. Oyun baxımından komandamdan daha yaxşısını gözləyirdim.

- Bu qələbədən sonra qrupda daha çox xal toplamaq şansınız necədi?
- Qarşıdakı oyunlarda da xal toplamağa çalışacağıq. Bizim həm avrokubok, həm ölkə kuboku, həm də çempionatda çətin oyunlarımız olur. Uğur qazanmaq üçün yaxşı ehtiyat oyunçulara ehtiyac var. Yalan danışmayım, o qədər də çox yaxşı oyunçumuz yoxdu. Bununla belə, komandanı maksimum dərəcədə hazırlaşdıracam. Son olaraq, qonaqpərvərliyə görə təşəkkür edirəm. Bakını bu qədər gözəl təsəvvür etmirdim. "Qarabağ"a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Təkcə "Vorskla" ilə görüşdə yox.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest