Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov "Turan Tovuz"un futbolçularına daim oynaya bildikləri komandalara keçməyi məsləhət görüb.
Tovuz təmsilçisinin ən üzdə olan yerli futbolçularından biri Ayxan Hüseynovdur. Bu mövsüm Premyer Liqada 12 oyunda cəmi 325 dəqiqə meydançada qalan 26 yaşlı hücumameylli yarımmüdafiəçi 2 qol vurub. Azərbaycan Kubokunda isə o, 2 oyunda 2 dəfə fərqlənib.
Matc.az xəbər verir ki, "Turan Tovuz"un son 2 qarşılaşmasında - həm XIII turda "Neftçi"yə, həm də kubokun 1/8 finalında "Şahdağ Qusar"a qarşı start heyətdə yer almış Hüseynov Sportnet.az-a müsahibəsində 44 yaşlı adaşının fikirlərinə münasibət bildirib:
- Ayxan Abbasov belə bir açıqlama verib ki, yerli futbolçular oynaya bildikləri komandada çıxış etsinlər. Nəzərə alsaq ki, "Turan Tovuz"un əksər oyunlarında start heyətində yer ala bilmirsiniz, bu barədə fikrinizi bilmək istərdik: Sizə ehtiyatda qalmaq, yoxsa oynaya biləcəyiniz komandaya keçmək daha uyğundur?
- Mən elə fikirləşmirəm. Burada yerlilər də oynayırlar, oynayacaqlar da. Hər bir komandada olduğu kimi, "Turan Tovuz"da da yaxşı rəqabət var. Hər komandada da çoxlu yerli futbolçu olmur. “Turan Tovuz” elə kollektivlərdəndir ki, oyunlarda meydançaya bir neçə yerli futbolçu çıxır. Amma elə komandalar da var ki, cəmi bir və ya iki yerli olur. Onda nə edək: bütün futbolçular çıxıb başqa komandalara getsinlər? Yenə deyirəm: "Turan Tovuz"da rəqabət var, yerlilər də oynayırlar. Son matçlarımızda da çıxış etdik. Bu gün heyətdə yerli oyunçular var, gələn oyunlarda da olacaq. Məncə, belə çətin anlarda qırılmaq, əlləri aşağı salmaq olmaz. Daha çox işləmək, çalışmaq lazımdır ki, start heyətə düşəsən.
- Demək istəyirsiniz ki, start heyətinə düşməməyiniz sırf rəqabətlə bağlıdır?
- Sənin mövqeyində olan futbolçu ardıcıl bir neçə matçda yaxşı oynayıbsa, onu start heyətindən necə çıxarmaq olar? Oyunu alınırsa, oynamalıdır. Bizdə elələri var ki, sırf heyət oyunçularıdır. Amma elə mövqelər də var ki, orada bir oyunun alınmadısa, növbəti matçda başqası forma geyinir. Bu, hər bir komandada belədir. Açığı, mən belə şeylər haqqında çox fikirləşmirəm. Tovuzda azarkeşlər məni sevirlər, sağ olsunlar, rəhbərliklə də münasibətlərim yaxşıdır. İnanıram ki, start heyətində çıxış edəcəyəm. Hələ mövsümün yarısındayıq.
- Amma ehtiyatdan daxil olub qollar da vurursunuz. Bu baxımdan, sizi ehtiyat heyət oyunçusu da saymaq olarmı? Çünki elə oyunçular var ki, ehtiyatdan meydançaya çıxdıqda daha effektiv olurlar...
- Əslində ehtiyatdan oyuna girmək asan deyil, çox çətindir. Çünki hamı elə fikirləşir ki, sən meydançaya girəndə rəqib komanda yorğun olur və qol imkanların yaranacaq. Amma yadınızdan çıxarmayın ki, öz komandan da həmin vaxt yorğun ola bilər. Bu zaman sırf futbol mübarizəsinə girirsən. Hər futbolçuya oyun tempinə düşmək üçün 10–15 dəqiqə vaxt lazımdır. Çətindir. Özümə ikinci heyət, əvəzedici oyunçu demək istəmirəm. Elə oyunlar olacaq ki, ehtiyat heyətdə yer alacağam, elələri də olacaq ki, meydançaya ilk "11-lik"də çıxacağam.
- Bundan sonra sizə əsas heyətdə şans verilməsi üçün nə lazımdır?
- Artırmaq, çıxıb qol vurmaq. Artıq çempionatda 2 qolum var, kubokda isə 2 oyundur qol vururam. Növbəti görüşlərdə də vuracağıma, məhsuldar ötürmələr verəcəyimə inanıram.
- Milli komandanın baş məşqçisindən gözləyirsinizmi ki, nə vaxtsa sizi yığmaya dəvət etsin, yoxsa rəqabət çox olduğundan, çağırılmırsınız?
- Yığma barədə danışmaq istəmirəm. Baş məşqçi Ayxan Abbasov hər şeyi görür və qərar verir.
- Bir müddət öncə mətbuatda sizin adınızdan "Klublarında oynamayan futbolçular da milli komandaya dəvət alır" formasında açıqlama dərc olunmuşdu…
- Elə oyunçuların olduğunu hamı bilir, amma mən belə söz deməmişəm.












