Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən "Neftçi"nin iki üzvü müalicə məqsədilə müvəqqəti olaraq düşərgəni tərk edib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar məşqlərdə ayaq əzələsində yüngül zədə alan Baqali Dabo və Haiti millisinin təlim-məşq toplanışından zədə səbəbindən yarımçıq geri dönən Soni Mustivardı.

Hər iki futbolçu ən qısa zamanda komandaya qoşulmaları və Avropa Liqasının I mərhələsindəki oyunlara hazır olmaları üçün İtaliyaya göndərilib. Onların xüsusi klinikada müalicə alaraq, tez bir vaxtda sağlamlıqlarına qovuşmaları üçün həkimlərin rəyi əsasında bu addım atılıb.

Qeyd edək ki, "Neftçi" iyunun 20-də, 25-də və 30-da yoxlama görüşü keçirəcək. Sınaq matçlarındakı rəqiblər ayın 20-də "SKA-Xabarovsk" (Rusiya), 30-da isə "Vorskla" (Ukrayna) olacaq. Ayın 25-dəki rəqib hələ bəlli deyil. İyulun 1-də axşam saatlarında vətənə qayıdacaq komanda üzvləri iki günlük istirahətdən sonra Avropa Liqasının I mərhələsindəki oyunların hazırlığına başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest