Milli komandalarımız Avropa Liqasında (CEV Volleyball European League 2026) iştirak edəcəklər.
Milli komandalarımız Avropa Liqasında (CEV Volleyball European League 2026) iştirak edəcəklər.
Matc.az xəbər verir ki, 2026-cı ildə keçiriləcək Avropa Liqasında həm qadın, həm də kişi yığma komandalarımız mübarizə aparacaqlar. 2018-ci ildən “Qızıl Avropa Liqası” və “Gümüş Avropa Liqası” formatında təşkil olunan yarış növbəti ildən “Avropa Liqası” adı ilə keçiriləcək. Turnir Avropa çempionatına təsnifat xarakteri daşıyır və iştirakçılara reytinq xalları gətirir.
Azərbaycan milli komandalarının rəqibləri CEV-in mövcud reytinqi əsasında müəyyənləşib.
Qadınlardan ibarət millimiz hazırda reytinqdə 27-ci pillədə qərarlaşıb. Yarışın qrup mərhələsində komandamız İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə yığmaları ilə qarşılaşacaq.
Kişilərdən ibarət yığmamız isə reytinqdə 38-ci sırada yer alır. Komandamız Avropa Liqasının qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstan kollektivləri ilə üz-üzə gələcək.
Reqlamentə əsasən yarışda 24 qadın və 27 kişi komandası iştirak edir. Turnir cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Yekunda 1-4 yerləri tutacaq komandalar 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.












