"Yeni mövsümə plan üzrə hazırlaşırıq. Heyətimizdə gənc futbolçularımız var. Yeni transferlərin bizə qoşulmasını gözləyirik. Futbolçular həm toplu çalışmaları icra edirlər, həm də fiziki hazırlıq üzərində çalışırlar".

"Hazırlıq prosesinin gedişindən razıyam. Hər şey yaxşı gedir". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Yeni mövsümün hazırlıqlarını davam etdirən "qırmızı-qaralar" 4 gündü Qəbələdə məşq keçir.

Qurbanov klubun rəsmi saytına açıqlamasında komandasının hazırlıqlarını dəyərləndirib: "Yeni mövsümə plan üzrə hazırlaşırıq. Heyətimizdə gənc futbolçularımız var. Yeni transferlərin bizə qoşulmasını gözləyirik. Futbolçular həm toplu çalışmaları icra edirlər, həm də fiziki hazırlıq üzərində çalışırlar. Bir gün 1, ertəsi 2 məşq ardıcıllığı ilə hazırlıqları davam etdiririk. Bu proqrama əsasən güc, sürət, ümumiyyətlə, hər şey üzərində çalışırıq. İyulun 23-də ikitərəfli oyunumuz olacaq. Ayın 29-da "Zirə"ylə qarşılaşacağıq. Bu matçlara qədər planlaşdırdığımız müəyyən səviyyəyə çatacağıq. ümumiyyətlə, mərhələ-mərhələ inkişaf etmək fikrindəyik".

Baş məşqçi Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasına da toxunub. 39 yaşlı mütəxəssis ilkin mərhələnin "La Fiorita" (San-Marino) - "Enqordani" (Andorra) cütünün qalibi ilə Gürcüstan "Dinamo"su arasında I təsnifat mərhələsinin matçlarından sonra rəqibin müəyyənləşməsini gözləyir: "Tbilisi "Dinamo"su favorit kimi göstərilir. Gürcüstan klubu köklü komandadı. Bu rəqiblə əvvəl də qarşılaşmışıq, tanıyırıq. çalışacağıq ki, oyunun keçiriləcəyi tarixə - iyulun 25-dək optimal formanı yığaq. Düzdü, həmin vaxta maksimum formamızı bərpa edə bilmərik. Lakin qarşılaşmaya optimal formada çıxmağa çalışacağıq. Cütün favoritinə gəlincə, hər iki klubun adı iddialı səslənir. "Dinamo" dünən Gürcüstan kubokunun oyununda məğlub olub. Həmin görüşü izlədik. Analiz də edəcəyik. Onlar ilk mərhələni keçdikdən sonra rəqibimiz olacağı tam aydınlaşacaq. Bundan sonra komanda haqda məlumat toplayacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest