Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir. Matc.az saytının məlumatına görə, bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulub.

Bütün idmançılarımız turnirə 1/8 final mərhələsindən start veriblər.

 

Sərbəst güləş

65 kq

Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev turnirə erməni güləşçi Valodya Franqulyanla start verib və rəqibinə göz açmağa imkan verməyib - 6:0. İdmançımız 1/4 finalda belaruslu George Koliyevi sınağa çəkib. Koliyev görüşə yaxşı başlasa da, idmançımız əzmkarlıq nümayiş etdirərək, 7:5 hesablı qələbəyə sevinib. Əliyev yarımfinalda Ukraynanı təmsil edən Xor Oqannesyanla qarşılaşıb. Gərgin keçən görüşdən qalib ayrılan pəhləvanımız finala yüksəlib. 

97 kq

Nurməhəmməd Hacıyevin ilk rəqibi polşalı Radoslav Baran olub. Rəqibini 8:0 hesabı ilə üstələyən idmançımız 1/4 finalda Elizbar Odikadze ilə qarşılaşıb. Gürcüstan təmsilçisi də Nurməhəmmədlə bacarmayıb. Hacıyev bu dəfə 7:3 hesablı qalibiyyətlə yarımfinala yüksəlib. Onun final yolundakı rəqibi Murazi Mçedlidze (Ukrayna) olub. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Hacıyev qızıl medal uğrunda mübarizə aparacaq.

 

Qadın güləşi

68 kq

İrina Netreba Oyunlara isveçli Cenni Franssonla start verib. Lakin başlanğıc onun üçün uğurlu olmayıb. Güləşçimiz isveçli rəqibinə məğlub olaraq (1:3) mübarizəni dayandırıb.

***

Bundan başqa ilk yarış günü mübarizəyə qoşulmuş 4 güləşçimiz medallar uğrunda mübarizə aparıblar.

57 kq

Mahir Əmiraslanov finalda Stevan Miçiçlə üz-üzə gəlib. İdmançımız rəqibinə 9:1 hesabı ilə qalib gələrək yığmamıza ilk qızıl medalı qazandırıb.

74 kq

Hacımurad Hacıyev təsəlliverici görüşlərdə iştirak edib. Onun "bürünc yolu"ndakı ilk rəqibi yunanstanlı Kirillos Binenpaum olub. Rəqibi üzərində inamlı qələbə qazanan (10:3) pəhləvanımız medal şansını davam etdirib. O, "bürünc" uğrunda görüşdə Vasil Mixaylovla (Ukrayna) üz-üzə gəlib. Rəqibinə asanlıqla qalib gələn Hacıyev bürünc medal qazanıb. 

86 kq

Aleksandr Qostiyev bürünc medal uğrunda güləşib. Onun rəqibi isə San - Marino təmsilçisi Amine Miles Nazem olub. Rəqibinə məğlub olan təmsilçimiz medalsız qalıb. 

125 kq

Camaləddin Məhəmmədov da üçüncülük üçün yarışıb. Onun rəqibi Rares çintoan (Rumıniya) olub. 12:2 hesablı qələbə qazanan Məhəmmədov "bürünc"ə sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest