FİFA iki yeni turnirin təşkili ilə bağlı İşçi Qrup yaradır. Matç.az saytı xəbər verir ki, bu qərar qurumun Şurasının Ruandada keçirilən iclasında verilib.

Bu qrup assosiasiyanın prezidenti Canni İnfantinonun yeni turnirlərlə bağlı ideyalarını öyrənəcək. Söhbət klublararası dünya çempionatının iştirakçılarının sayının 6-dan 24-nə qədər artırılması və 4 ildən bir Konfederasiyalar kubokunun əvəzinə keçirilməsindən gedir. İnfantino bildirib ki, bu layihəni 2021-2035-ci illərdə dəstəkləyəcək şirkətlər 25 milyard dollardan artıq xərcləməyə hazırdı.

İnfantino iki qitədə Millətlər Liqasının keçirildiyini əsas gətirərək Dünya Liqası ideyası ilə də çıxış edir. İki ildən bir təşkil olunması gündəmə gələn yarışda planetin 8 ən güclüsü qüvvəsini sınamalıdı. Yaradılan İşçi Qrupu hər iki ideya ilə bağlı təhlil və araşdırmalarını aparmalı, Şuranın 2019-cu ilin martında keçiriləcək iclasına təqdim etməlidi.

Qeyd edək ki, dünyanın 38 peşəkar liqasını özündə birləşdirən "World Leagues Forum" mümkün islahatlara sərt reaksiya verib. Təşkilat qərarın Şurada belə qısa zamanda qəbul olunmasından və islahatlardan narazılığını ifadə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest