Azərbaycan millisinin qapıçısı Emil Balayevin "Tobol"un heyətindəki parlaq çıxışı Qazaxıstan mətbuatının diqqətindən yayınmayıb. Matc.az saytı xəbər verir ki, yerli KİV Kostanay təmsilçisinin Premyer Liqaya başçılıq etməsində 25 yaşlı qolkiperin əvəzsiz rol oynadığını yazıb.

Balayevin karyerasını vərəqləyən həmkarlarımız onun "Neftçi"dən başlayan və "Tobol"a qədər uzanan yoluna nəzər yetiriblər. Qazaxıstanlılar hesab edir ki, qolkiper ən yaxşı dövrünü məhz hazırkı komandasında keçirir.

Onlar Emili Qazaxıstan çempionatının ən yaxşı qapıçısı hesab edirlər: "Tobol"un ambisiyaları yüksək idi və Emil də bir nömrəli qapıçı kimi alınmışdı. Onun Qazaxıstan karyerası coşğusuz başladı. İlk 8 görüşün yalnız 3-də "quru seriya" var idi. Üstəlik, "Aktobe" ilə qarşılaşmada Manuel Noyer kimi driblinq etməyə çalışdı və kobud səhvə yol verdi. Amma may-iyun ayları onun üçün ideal keçdi, işini səhvsiz gördü. Düzdü, "Tobol" ölkə kubokunda mübarizəni dayandırdı. Lakin Premyer Liqada çempionluq yarışını sürətləndirdi. Əsas statistik göstərici komandanın son 8 oyundan 7-də qələbə qazanması və Balayevin 630 dəqiqədi qapısında qol görməməsidi. Emil etibarlı və stabildi. Təbii ki, müdafiəçilərin onun işini asanlaşdırdığını da unutmaq olmaz. Fakt odu ki, "Tobol" çempionata başçılıq edir və çempionluq uğrunda mübarizə aparır. Balayev isə fenomenal göstəricilərə malikdi. Meydana çıxdığı 15 oyundan 10-da qapısında top görməyib. Əminliklə onu hazırda Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçısı saymaq olar".

Qeyd edək ki, Emil Balayevin "Tobol"la müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest